Yunanıstanın futbol stadionlarına tamaşaçı buraxılmayacaq
Bakı, 5 mart,
AZƏRTACÖlkənin futbol meydançalarında zorakılıq dalğasını dayandırmaq üçün vasitələr axtaran Yunanıstan hökuməti futbol çempionatına tamaşaçıları buraxmamağı qərara alıb.
AZƏRTAC
Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu məsələyə ciddi və məsuliyyətlə yanaşdıqlarını ifadə edən Yunanıstanın idman naziri Stavros Kontonisin sözlərinə görə, oyunların tamaşaçılar olmadan keçirilməsinə dair qərar stadionlarda vacib təhlükəsizlik tədbirləri çərçivəsində verilib.
Qeyd edək ki, keçən həftə “Panatinaykos” – “Olimpiakos” və “Larissa” – “Volos” klublarının görüşü zamanı baş verən kütləvi iğtişaşlar, həmçinin super liqanın iclasında iki klub prezidentinin dalaşmasından sonra Yunanıstanda futbol çempionatı dayandırılmışdı.
Yunanıstanın milli futbol birinciliyi bu mövsümdə artıq üçüncü dəfədir ki, yarımçıq qalır. Bir qədər əvvəl, sentyabr və noyabr aylarında da oyunlar azarkeşlərin xuliqanlıq hərəkətləri ilə əlaqədar təxirə salınmışdı.