Dünya

Yəməndə məzhəb toqquşması (VİDEO)

Metbuat.az

Yəmən burada bir-birilə rəqabət aparan şiə məzhəb husi qiyamçıları, sünni tayfaları, Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri, İran, habelə İŞİD təşkilatı arasındakı qarşıdurma nəticəsində getdikcə daha çox zorakılıq meydanına çevrilməkdədir.



ANS PRESS-in məlumatına görə, hazırda husilər Ədən şəhərinə doğru hərəkət edirlər. Bu şəhər isə Qırmızı dənizdə hər gün 20 min gəminin keçdiyi Bab əl-Məndəb boğazının üstündə yerlıəşir.



Körfəz Əməkdaşlıq Şurasını öz ölkəsinə müdaxiləyə çağırmış Yəmən prezidenti Əbdərrəbuh Mənsur Hadi də Ədəndəki iqamətgahına sığınıb.



Belə bir vəziyyətdə Yəmən yeni, daha geniş müharibənin meydanına çevrilə bilərmi?



Münaqişənin əsas qarşıduran tərəfləri kimi husi qiyamçıları və Yəmən hökuməti göstərilsə də ölkədə bir çox maraqların toqquşması məlumdur.



Şiə husilərə qarşı nəinki Sənadan qovduqları hökumət, həm də sünni tayfaları çıxış edirlər.



Bundan əlavə Ərəb yarımadasındakı əl-Qaeda (AQAP) və şiələri kafir sayan İŞİD terrorçuları da onlara qarşıdırlar.



Martın 20-də İŞİD husi tərəfdarlarının toplaşdığı 4 məsçiddə 130 insanın həyatına son qoymuş intihar bombaları partlatmaqla özünün bu ölkədəki qanlı debütünə başlayıb.



Husilər Yəmənin şimalından gəliblər və ölkənin əksər hissəsində geniş dəstəyə malik deyillər.



Bununla belə, onlar ötən sentyabrda paytaxt Sənanı ələ keçirməklə özlərini mahir döyüşçü kimi göstəriblər.


Qüdrətli keçmiş prezident Əli Abdullah Salehin də onları dəstəklədiyi düşünülür.



Saleh bu yolla BMT tərəfindən dəstəklənən prezident Hadini ölkənin normal idarəetməsindən məhrum etməyə çalışır.


Bəzi iddialara görə husi qiyamçılarını həm də İran dəstəkləyir. Qiyamçılar bu iddiları rəsmən təkzib edirlər, lakin onların əsas fiqurlarının İranın müqəddəs Qum şəhərinə baş çəkdikləri xəbər verilib. Belə söhbətlər də var ki, İran pilotları husilərə aviasiya dəstəyi verirlər.



Bu vəziyyət hazırda Səudiyyə Ərəbistanını ciddi narahat edir, lakin ər-Riyad qonşu ölkədə İrana meylli hərəkatın yayılması qarşısında bir qədər gec ayılıb.



2010-cu ildə Yəmənlə ortaq sərhədlərində husilərə aviasiya zərbələri endirmiş səudlar deyirlər ki, İranın regionda məzhəb ədavəti toxumlarını səpməsinə yol verməyəcəkılər.



Səudiyyə Ərəbistanı hazırda Yəmənlə sərhəddə möhkəm çəpərin quraşdırılması ilə məşğuldur və Qırmızı dənizdəki Cizan limanındakı hərbi dəniz donanması bazasını gücləndirməyə çalışır.



Təhlilçiləri narahat edən budur ki, Yəməndəki vətəndaş müharibəsində qarşıduran tərəfləri dəstəkləyən İran və Səudiyyə bu münaqişəyə birbaşa cəlb oluna bilərlər.



Bəzi şərhçilərin fikrincə isə İranın husilərə dəstəyinin miqyası xeyli şişirdilib.





Mənbə
ANS PRESS