Digər

Xan sarayından başlayan şənlik (VİDEO)

Metbuat.az

Novruz qədim Şəkidə də qeyd olunub.



ANS TV-nin məlumatına görə, qədimdə olduğu kimi şəhərin qoruq ərazisində təşkil olunan bayram şənliyinə ilk əvvəl ölkənin unikal memarlıq abidəsi olan Xan sarayından start verildi. Sarayın həyətində nümayiş olunan sənət nümunələri və qədim əşyalar burada sanki xanlıq dövrünün ab-havasını yaşadırdı.



İlk əvvəl qədim qala divarları qarşısında Novruzun əsas atributu olan Keçəl və Kosanın yumurta döyüşü oldu. Bundan sonra bayram tonqalı alovlandırıldı.



Qədim qala divarları ərazisində pəhləvanlar bir-birindən maraqlı nömrələrlə güc nümayiş etdirdi. Xoruz döyüşü isə əsl Novruz ab-havası yaratdı.



Avstriyadan Novruz bayramını izləmək üçün məhz Şəkiyə üz tutan əcnəbi qonaq gördüyü səhnələrdən heyrətini gizlədə bilmədi.



Turist Elena Koaliz: “Avstriyada yaşayan azərbaycanlı bir qızdan sizin ölkəniz haqqında məlumat topladım. O, mənə Novruz bayramından danışıdı. Mən də özüm gələrək bayramı görmək istədim. İçərişəhərdə də olmuşam. Amma dedilər ki, Novruzda şəkiyə gəlim. İndi görürəm ki, adətlər çox maraqlıdır”.



Turist Naciye Atəş: "Azərbaycana ilk səfərimdir, bura çox gözəldir, özəliklə Novruz bayramın çox bəyəndim. Bayramda nümayiş olunan bir-birindən fərqli qədim sənətkarlıq nümunələri də marağa səbəb oldu. Yerli şəbəkə ustasının Avropa Oyunlarının açılışı üçün şəbəkə uslubunda hazırladığı yeni laqatipi qarşısında isə demək olar ki, hər kəs ayaq saxlayırdı”.



Şəbəkə ustası Tofiq Hacıyev laqatip üzərində çox çalışdığını bildirdi: "Avropa Oyunlarının açılışında inşallah bu laqatipin təqdimatı olacaq".



Günün sonunda bayram tədbiri Karvansaray kompleksində davam etdi. Burada şamlardan yaradılan xüsusi kompazisiya tədbirin ən maraqlı və yaddaqalan hissəsi oldu.



Milli oyunlar, bir-birindən maraqlı qədim musiqi nömrələri və xüsusi atəşfəşanlıqla Şəkidə keçirilən Novruz şənliyi yekunlaşdı.



Mənbə
ANS TV: Xatirə Əkbərova