Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə tədbirlər davam etdirilir
Bakı, 19 mart,
AZƏRTACDaxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində Laçın, Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa rayonlarının şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitmiş sakinlərinə və orta ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdlərinə bu sənədlərin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə həmin rayonların ümumilikdə 364 sakininin müvafiq sənədləri qəbul edilib. Bununla yanaşı, 336 yeni şəxsiyyət vəsiqəsi sahiblərinə təqdim olunub.
Eyni zamanda, Baş İdarə və Pirallahı Rayon Polis Şöbəsinin, Qaradağ Rayon Polis İdarəsinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə sahildən 35 kilometr məsafədə yerləşən Çilov adasında və Müşfiqabad qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış kompleksində də səyyar xidmət keçirilib.
Burada keçirilmiş anoloji xidmətlər zamanı, ümumilikdə 136 nəfər yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Orta məktəblərin 38 buraxılış sinif şagirdinin müvafiq sənədləri qəbul olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə mütəmadi şəkildə keçirilən tədbirlər davam etdirilir.