Universitetdə “Ən yaxşı Novruz səhnəsi” müsabiqəsi
Bakı, 17 mart, Tərgül Ağayeva,
AZƏRTACMartın 17-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin fakültələri arasında Novruz bayramına həsr olunan “Ən yaxşı Novruz səhnəsi” müsabiqəsi keçirilib.
AZƏRTAC
xəbər verir ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Akademik A.Məhərrəmov bayram münasibətilə müəllim və tələbələri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.
Sonra rektor və tədbir iştirakçıları 17 fakültənin təşkil etdiyi səhnələr ilə tanış olublar. Milli adət-ənənələrimizi, Novruz rəmzlərini əks etdirən səhnələr böyük maraqla qarşılanıb.
Müsabiqənin nəticələrinə əsasən kitabxanaçılıq fakültəsinin təşkil etdiyi sərgi birinci yerə layiq görülüb.
Qaliblər mükafatlandırılıblar.
Tədbirin bədii hissəsində maraqlı konsert proqramı nümayiş etdirilib.