Türkiyəli karateçi “Bakı-2015”də iştirak etmək üçün Avropa çempionatında yüksək yer tutmaq niyyətindədir
Bakı, 15 mart,
AZƏRTACKarate üzrə Türkiyə komandasının üzvü Serap Özçelik 50 kiloqram çəki dərəcəsində dəfələrlə Avropa çempionu olub. Türkiyəli idmançı 2012-ci ildə karate üzrə dünya çempionatında da bürünc medal qazanıb.
“Baku-2015”in Əməliyyat Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, 27 yaşlı idmançının martın 19-dan 22-dək İstanbulda keçiriləcək karate üzrə Avropa çempionatında növbəti medalını qazanmaq imkanı var.
Türkiyəli karateçi deyib: “Karyeram ərzində bu günədək üç qızıl, bir gümüş və iki bürünc medal qazanmışam. Bu ardıcıllıq məni zəfər pilləsinə aparmalıdır. Yeddinci medalı qazanmaqla tarix yazmaq istəyirəm”.
Ö.Özçelik “Bakı-2015” Avropa Oyunlarında iştirak etməyi arzulayır. “Bakı-2015”də kvota yerləri isə İstanbulda keçiriləcək Avropa çempionatında məlum olacaq. Hər çəki qrupunda ilk altılıq Azərbaycana kvota yerlərini qazandıracaq. Avropa çempionatı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.