Türkiyə prezidenti ilə Səudiyyə Ərəbistanının kralı Yəməndəki vəziyyəti müzakirə edib
Bakı. 27 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdüləziz əl-Səud arasında telefon danışığı olub.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin prezident administrasiyası bildirib.
Məlumata görə, onlar Yəməndəki son vəziyyəti müzakirə ediblər.
Türkiyə prezidenti Yəmənin ərazi bütövlüyünü, bölgənin təhlükəsizliyini, sabitliyi təhdid edən fəaliyyətin beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla qarşılandığını vurğulayıb.
Səudiyyə Ərəbistanının kralı Türkiyə liderinə narahatlığına görə təşəkkür edərək, Yəmən prezidenti Abdurrabu Mansur Hadinin istəyi və krallığın başçılığı ilə Hərbi Hava Qüvvələrinin keçirdiyi əməliyyat haqda məllumat verib.
Tərəflər bu il martın 2-də Ər-Riyadda keçirdikləri görüşü xatırlayaraq, iki ölkə arasındakı əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasının vacibliyini qeyd ediblər.