Türkiyə Ermənistanla sərhədləri açır?
Millət vəkillərinin fikrincə, bu, heç bir halda türk dövləti və millətinin iradəsinin ifadəsi sayıla bilməz
Türkiyə-Ermənistan sərhədi 1993-cü ildə Kəlbəcərin işğalından sonra bağlanıb. Həmin vaxtdan etibarən İrəvan və Ankara arasında təmaslar tamamilə azalıb. Bunun bir səbəbi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətidirsə, digər bir səbəbi Ermənistan konstitusiyasında Türkiyənin ərazi bütövlüyünü təhdid edən maddələrin yer alması, Türkiyənin “soyqırımı törətməkdə” ittiham edilməsidir. Aradan keçən 22 il ərzində Ermənistanda bir neçə dəfə hakimiyyət dəyişikliyi baş versə də, bu ölkənin hərbi təcavüz ritorikası və əsassız iddialar üzərində qurulmuş dövlət siyasətində heç bir dəyişiklik olmayıb, həmçinin Azərbaycan ərazilərinin işğal faktı da ortadan qalxmayıb. Üstəlik, rəsmi İrəvanın “soyqırımı” ilə əlaqədar qəbul etdiyi bəyannamələrdə Türkiyəyə qarşı siyasi, iqtisadi, maliyyə və ərazi iddiaları yenidən irəli sürülüb.
Lakin bütün bunlara baxmayaraq, 2009-cu ildə Avropa Birliyi və ABŞ-ın dəstəyi, Türkiyənin təşəbbüsü ilə Ermənistanla gizli danışıqlara başlanıldı. Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün heç bir siyasi və hüquqi zəmin yaranmadığı halda Sürixdə xarici işlər nazirləri Əhməd Davudoğlu ilə Edvard Nalbandyan tərəfindən İrəvan-Ankara münasibətlərinin normallaşmasını ehtiva edən protokollar da imzalandı. Buna görə Türkiyə hökuməti güclü daxili təzyiqlərlə, eyni zamanda Azərbaycanın haqlı etirazı ilə də üzləşdi. Həmin vaxt AKP iqtidarı türk dünyasına açılan yeganə qapını - Azərbaycanı itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı üçün geri addım atmağa məcbur oldu. Türkiyənin o dövrdə baş naziri olan indiki prezident Rəcəb Təyyub Ərdoğan isə açıq şəkildə bəyan etdi ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf rayonlarını işğaldan azad etməyincə, sərhədlərin açılmasından söhbət gedə bilməz. Bununla da sərhədlərin açılması mövzusu gündəmdən çıxdı.
Ancaq təəssüflər olsun ki, Ermənistanla sərhədlərin açılması və münasibətlərin normallaşması məsələsi yenidən Türkiyənin ictimai-siyasi həyatında geniş müzakirə olunan aktual məsələlərdən birinə çevrilib. Ehtimal var ki, rəsmi Ankara qondarma erməni soyqırımının yüz illiyi ərəfəsində sərhədlərin açılması məsələsinə yenidən baxacaq.
Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ilə bağlı fikirlərini “Kaspi”ylə bölüşən millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvü
Fəzail İbrahimlideyib ki, Bakı və Ankara rəsmiləri arasındakı münasibətlərin səviyyəsi, qarşılıqlı anlaşma sərhədlərin açılmasına rəvac verə bilməz. Tarixçi alimin sözlərinə görə, Türkiyənin sərhədləri açması baş verərsə, bu, Ankaranın İrəvan qarşısında çox uğursuz gedişi sayılacaq: “Bu, Türkiyənin Ermənistan qarşısında məğlubiyyəti olar. Çünki Ermənistan Türkiyəni bir dövlət kimi tanımır, üzərinə böyük rüsvayçılıqlar qoyur, “soyqırımı”nı daim gündəmdə saxlayır. Eyni zamanda Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürür. Yəni Ermənistan-Türkiyə sərhədlərinin bağlı olması yalnız Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsi ilə bağlı deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həcmində böyük bir problem də Ermənistan və Türkiyə arasında yaşanmaqdadır. Ona görə də uydurma soyqırımının yüzilliyi ərəfəsində sərhədlərin açılması məsələsinin Türkiyədə gündəmə gətirilməsi yalnız ermənipərəst qüvvələrin işidir və onların mənafeyinə xidmət edir. Heç bir halda bu, Türkiyə dövlətinin və millətinin iradəsinin ifadəsi sayıla bilməz. Belə addımlarla bəzi qüvvələr daim Türkiyəni problemlərlə üz-üzə qoymaq niyyətindədirlər”.
Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri
Fərəc Quliyevdə hesab edir ki, Türkiyə hökuməti öz xalqının iradəsini ifadə etmək niyyəti güdürsə, türk cəmiyyətində yekdil iradə Ermənistan-Türkiyə sərhədlərinin açılmasına qarşıdır. Onun fikrincə, Türkiyədə aparılan sosial sorğular, ciddi media qurumlarında əks olunan yazılar, rəsmilərin bəyanatları, eləcə də sadə vətəndaşların fikirləri onu deməyə əsas verir ki, cəmiyyət sərhədlərin açılmasını istəmir: “Düşünmürəm ki, hansısa iri məbləğ müqabilində Türkiyə öz mövqelərini satsın. Türkiyə buna gedəcəksə, çox şey itirəcək. Əvvəla, bu addım Avropa İttifaqının Türkiyəyə münasibətlərini dəyişməyəcək. Avropa İttifaqı rəsmi şəkildə bəyan edib ki, bu ittifaq xristian klubudur və burada Türkiyəni görmək istəmirlər. Avropanın Türkiyəyə münasibəti bu qədər açıq şəkildə ortaya qoyulub. Ona görə də Avropanın ayırdığı maliyyə vəsaitinə görə Türkiyənin öz maraqlarını bir kənara atıb Ermənistanla sərhədləri açacağına inanmıram. Əgər bir işartıyla Türkiyə yoldan çıxarılacaqsa, bu, Azərbaycanın da maraqlarını ciddi zərbə altında qoyacaq. Lakin ən çox zərbə Türkiyənin özünə dəyəcək. Çünki uydurma soyqırımının arxasında 4 “T” düsturu dayanır: tanıma, tanıtma, təzminat və torpaq. Ermənistan öz dövlətinin gerbində rəmz olaraq Türkiyə ərazisindəki Ağrı dağını göstərib. Bütün bunları nəzərə alan Türkiyə rəsmiləri yanlış addım atmamalı, həm özünün, həm də Azərbaycanın maraqlarını zərbə altında qoymamalıdır”.
Kaspi.az