Ölkə

Tur-aksiya çərçivəsində şagirdlərin maariflənməsinə böyük önəm verilir

Metbuat.az

Qəbələ, 19 mart, Şahnəzər Bəşirov,

AZƏRTAC

“Azərbaycanın gözəl, qədim və zəngin bir ölkə olması bu gün hamıya məlumdur. Həmişə istəyirdim ki, ölkəmizin bölgələrinə səfər edərək rayonlarımız barədə oxuduqlarımı və eşitdiklərimi gözlərimlə görüm. “Ölkəmizi tanıyaq” layihəsi mənə Qəbələ və İsmayıllını yaxından tanımağa imkan yaratdı”.


Bu sözləri tur-aksiyanın iştirakçısı, Kəngərli rayonu Yurdçu kənd orta məktəbinin XI sinif şagirdi Gülcahan Abdullayeva Qəbələdə

AZƏRTAC

-a müsahibəsində deyib.


Qəbələ ilə tanışlığın onda çox zəngin təəssürat yaratdığını bildirən məktəbli deyib: “Etiraf edim ki, indiyədək yaşadığım Naxçıvan Muxtar Respublikasından kənara çıxmamışdım. Bu layihədə iştirak etdiyimə görə çox şadam. Qəbələdəki tarixi yerlərə ziyarəti səbirsizliklə gözləyirdim. Bu, təkcə mənim deyil, həm də tur-aksiyada iştirak edən hər bir məktəblinin arzusu idi. Nəhayət ki, bu istəyim gerçəkləşdi. Bu layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşlərinin daha da zənginləşməsinə çox böyük töhfə verəcəkdir. Vətənimizin təbiəti bizi valeh etdi. Qədim tarixi abidələrdə olduq, İsmayıllının, Qəbələnin görməli yerlərini gəzdik. Xüsusən də qədim Qəbələnin müasir inkişafı məndə yüksək təəssürat yaratdı. Biz ekskursiya zamanı rayonun qədim mədəniyyət abidələri ilə yanaşı, müasir tikililəri, turizm obyektləri, mənzərəli guşələri ilə yaxından tanış olduq. Ümumiyyətlə, 2 gün ərzində gördüklərimiz bölgə haqqında təəssüratlarımızı ikiqat artırdı”.


Kəngərli məktəblisi Gülcahan Abdullayeva onlara bu şəraiti yaratdığına görə şagirdlər adından dövlətimizin başçısına minnətdarlığını bildirib.