Tikrit: İraq ordusu həlledici hücuma hazırlaşır
Bakı, 14 mart,
AZƏRTACİraq hökumətinin məlumatına görə, Tikrit şəhərinin ələ keçirilməsi uğrunda aparılan əməliyyat uğurla davam edir. İraqın Müdafiə Nazirliyi bu məlumata sübut olaraq İŞİD qruplaşmasının mövqelərinə endirilən hava zərbələrinin video görüntülərini yayımlayıb.
AZƏRTAC
Euronews telekanalına istinadla xəbər verir ki, buna baxmayaraq, martın 13-də Tikrit şəhərinin özündə İraq ordusunun hücumları çoxsaylı bina və avtomobillərin minalanması və snayper atəşi ilə əlaqədar dayandırılıb. Hazırda İŞİD şəhərin təxminən yarısına nəzarəti hələ də əlində saxlayır. Terrorçu qruplaşma ölkənin keçmiş başçısı Səddam Hüseynin doğma şəhərində tikdirdiyi prezident sarayında gücləndirilmiş mövqe tutub.
Qeyd edək ki, Tikrit İraq ordusunun İŞİD-in əlindən almağa çalışdığı ilk iri şəhərdir. Əməliyyatlarda nizami ordunun 20 min əsgəri, həmçinin İran tərəfindən maliyyələşdirilən və silahlandırılan şiə silahlı birləşmələri iştirak edir.