Tərtərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün daha bir yaşayış binasının inşası yekunlaşıb
Tərtər, 28 mart, Tahir Ağaməmmədov,
AZƏRTAC
Tərtər rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli daha bir yaşayış binasının inşası başa çatıb.
Tərtər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən
AZƏRTAC-a bildiriblər ki, respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əlillər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Belə ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün indiyədək rayonda iki 16, bir 24 mənzilli yaşayış binası, həmçinin fərdi evlər istifadəyə verilib. Bu kateqoriyadan olan insanlar əlil arabası və avtomobillərlə təmin olunublar. Bundan başqa, Qarabağ, Böyük Vətən müharibələri və Çernobl əlillərinə torpaq islahatı zamanı əlavə pay torpaq da verilib. Əlil uşaqlar fərdi təhsilə cəlb olunub. Həmçinin müalicəyə ehtiyacı olan əlillər hər il müxtəlif sanatoriyalara göndərilir.
Qeyd edək ki, rayonda müxtəlif qruplardan olan 1492 əlil var. Onlardan 292 nəfəri Qarabağ müharibəsi, 4 nəfəri Böyük Vətən müharibəsi, 15 nəfəri Çernobl, 1181 nəfəri digər kateqoriyalardan olan əlillərdir.