Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Gədəbəydə vətəndaşları qəbul edib
Gədəbəy, 18 mart,
AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaşlarla görüşmələri, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ və xüsusi həssaslıqla yanaşmaları barədə tapşırığına uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Gədəbəydə vətəndaşları qəbul edib.
AZƏRTAC
xəbər verir ki, qəbulda Gədəbəy, Gəncə, Daşkəsən, Samux, Göygöl və Şəmkir vətəndaşları iştirak ediblər.
Əvvəlcə TQDK-nın sədri Gədəbəy şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.
Qəbula gələnlər əsasən orta ixtisas məktəblərinə, bakalavr səviyyəsinə, magistraturaya qəbul, buraxılış imtahanları, hərbi çağırışla əlaqədar möhlət və digər məsələlər barədə müraciət ediblər.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Digər müraciətlərin isə araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.