Təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir
Bakı, 20 mart,
AZƏRTACFövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Şimal-qərb Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki Təhsil Şöbəsi ilə birgə maarifləndirmə tədbiri keçirib.
FHN-dən
AZƏRTAC-a bildiriblər ki, Şəki şəhər 10 nömrəli orta məktəbdə keçirilən tədbirdə rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimləri və məktəbin şagirdləri iştirak edib.
Tədbirdə “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi günün aktual məsələsidir”, “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” mövzularında çıxışlar edilib, “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin” adlı slayd təqdim olunub.
İlkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, yerlərdə yanğına qarşı təbliğat xarakterli tədbirlərdə metodik vəsait kimi istifadə olunması üçün DYNX tərəfindən nəşr olunmuş “Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi” adlı yaddaş kitabçası və yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən buklet tədbir iştirakçılarına paylanılıb.
Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.