Digər

Tehranda moda sərgisi (VİDEO)

Metbuat.az

İranda 8 mart qadınlar günü kimi qeyd olunmasa da, amma paytaxt Tehranda qadınları sevindirəcək addım atılıb. İran xanımları üçün müasir, eyni zamanda islama uyğun geyimlər nümayiş olunub.



ANS TV-nin İran bürosunun məlumatına görə, Tehranda yerləşən beynalxalq sərgilər meydanında “4-cu Fəcr Moda və Geyimlər” adlanan sərgi açılıb. Bu sərgi 4 hissədən ibarət olub ki, onun əsas hissəsini İranda inkişafda olan islami və iranlı modelə uyğun olan Moda Dizaynı təşkil edib.



Dizayner Sədra Şəriətmədari sərgidə iştirakılarının əsas məqsədinin dizayn və dəblə maraqlanan istedadlı və elit gəncləri tapmaq olduğunu dedi: “Həmin gənclərin İtaliyada təhsil almaları üçün təqaüdlər ayrılacaq ki, onlar gələcəkdə islama uyğun geyim dizaynlarını inkişaf etdirsinlər. Ümid edirəm ki, İranın Mədəniyyət Nazirliyi və İslami Geyim Fondunun dəstəyilə gələcəkdə islami dizaynda uğur əldə edə biləcəyik”.



Bu sərginin açılışının əsas məqsədi müxtəlif yaş dövrlərini və zövqləri əhatə edən İslam və İran modelinə uyğun yeni geyim nümunələrinin təqdim edilməsidir. Eyni zamanda bu növ geyimlərin dizaynerləri, modelyerləri, istehsalçıları və satıcılarının himayə olunmasıdır. Eləcə də hazırlanmış geyimləri əldə etməsi üçün imkanlarının artırılmasıdır. Geyimlərdə nəzərə çarpan əsas şey rəng müxtəlifliyi idi.



Dizayner Mərziyə Əlizadə geyimlərdə həm rəng cəhətdən, həm də dizayn baxımından canlı çalar və planlardan istifadə olunduğunu dedi: “Çalışmışıq ki, tünd və qara rənglərdən uzaqlaşaq. Amma ən əhəmiyyətlisi budur ki, bu geyimlər İran və İslami dəbə uyğundur. Məhsullarımız gənclər tərəfindən də yaxşı qarşılanır”.



Sərgidə İran iştirakçıları ilə yanaşı bir sıra xarici ölkələrdən, o cümlədən də İtaliya, Turkiyə, Braziliya, Rusiya və digər ölkələrdən “Fashion” və dizayn sənətin fəalları iştirak ediblər.



Xatırladaq ki, bu sərgidə müxtəlif çap texnologiyalar, dərzi və toxuculuq avadanlıqları da nümayiş olunurdu.



Mənbə
ANS TV: Nəvid Daneşvər