Dünya

Təbii fəlakətlər dünya ölkələrinə ildə 300 milyard dollar zərər vurur

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

Yaponiyanın Miyaqi prefekturasındakı Senday şəhərində BMT-nin fəlakət təhlükələrinin azaldılması mövzusunda III Beynəlxalq konfrans işə başlayıb.


AZƏRTAC

xarici KİV-ə istinadla xəbər verir ki, konfransda BMT-nin baş katibi Pan Qi Mun, Yaponiyanın Baş naziri Sindzo Abe, bir çox ölkə başçısı və hökümət üzvləri də daxil olmaqla 160-dan çox ölkənin nümayəndəsi iştirak edir.


On illər bundan əvvəl qəbul edilmiş Xioqo çərçivə proqramının minlərlə insan həyatını xilas etdiyini bildirən Pan Qi Mun bundan sonra da ictimaiyyəti dəstəkləmək və vədləri yerinə yetirməklə dünyanın artan ehtiyaclarına cavab verməyin vacibliyindən danışıb.


BMT-nin hesablamalarına görə, hər il planetimizdə baş verən təbii fəlakətlərdən dəyən zərər 300 milyard dollara çatır. Baş katib bildirib ki, fəlakət təhlükələrinin azaldılması və qarşısının alınması ilə bağlı proqramın inkişafına və dəstəklənməsinə hər il 6 milyard dollar ayrılsa, bu, 2030-cu ilə qədər olan dövr ərzində dəyən zərəri 360 milyard dollara qədər azaltmağa kömək edəcək.


Öz növbəsində 2011-ci il martın 11-də baş vermiş sunami zamanı dünya ictimaiyyətinin ölkəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edən Sindzo Abe Yaponiya hökumətinin növbəti dörd il ərzində dünyada müvafiq infrastrukturun tikintisi və inkişafı da daxil olmaqla təbii fəlakətlərin nəticələrinin azaldılmasına 4 milyard dollar ayıracağını bildirib.


Konfransın əsas nəticəsi olaraq təbii fəlakət təhlükələrinin azaldılması sahəsində yaxın 10 illik (2015-2025-ci illər) fəaliyyətə dair Çərçivə proqramı qəbul edilməlidir.