Dünya

Suriyada 4 ildən bəri davam edən münaqişə orta ömür müddətini 20 il azaldıb

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət arasında 4 ildən bəri davam edən münaqişə nəticəsində əhalinin orta ömür müddəti təxminən 20 il azalıb. Bu barədə “Suriyanın siyasi təhqiqatlar mərkəzi” qeyri-hökumət təşkilatının məruzəsində deyilir.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məruzədə silahlı münaqişə zamanı 210 min nəfərin həlak olduğu və 840 min nəfərin yaralandığı, bunun ölkə əhalisinin 6 faizini təşkil etdiyi bildirilir.


Sənəddə, həmçinin qeyd olunur ki, 2010-cu ildə ölkədə orta ömür müddəti 75,9 yaş olduğu halda, 2014-cü ilin sonunda bu göstərici 27 faiz azalaraq 55,7 yaşa enib. Son 4 ildə 10 milyondan çox suriyalı evini tərk etmək məcburiyyətində qalıb. Onlardan 3,3 milyonu qonşu ölkələrə sığınıb. Daha 1,55 milyon insanın da qazanc məqsədi ilə xarici ölkələrə getdiyi nəzərə alınsa, Suriya Ərəb Respublikasının əhalisi 15 faizə qədər azalıb.


Məruzə müəlliflərinin hesablamalarına görə, amansız silahlı toqquşmalar Suriya üçün nəinki humanitar, eyni zamanda iqtisadi cəhətdən də faciəvi nəticələrə gətirib çıxarıb. Münaqişənin başladığı dövrdən 2014-cü ilin sonuna qədər iqtisadi itkilər 202,6 milyard dollar həcmində qiymətləndirilir. İqtisadiyyata dəyən ümumi zərər isə 383 milyard dollar ekvivalentindədir.


Məruzədə deyilir ki, bu amillər ölkə əhalisi üçün acınacaqlı nəticələrə gətirib çıxarıb. Beləliklə də, əvvəllər nisbətən iqtisadi sabitliyi ilə seçilən Suriya “kasıblar ölkəsinə” çevrilib. Hazırda hər 5 suriyalının 4-ü daimi ehtiyac içərisində, əhalinin 30 faizi isə yoxsulluq həddində yaşayır.