Siyasətdən uzaqlaşmanın ermənisayaq variantı
Sarkisyanın əsas rəqibi sayılan Tsarukyan hədə-qorxulara təslim olub meydandan qaçdı
Ermənistanda “Çiçəklənən Ermənistan” Partiyası ilə bağlı siyasi gərginlik davam edir. Ermənistan parlamentinin sayca ikinci fraksiyasının və 400 min nəfərə qədər üzvü olan partiyanın sədri, ölkənin ən varlı adamlarından olan Qaqik Tsarukyan partiyanın 8-ci növbədənkənar qurultayında fəal siyasətdən uzaqlaşdığını bildirib. Əksəriyyət bunu presedentsiz hadisə kimi qiymətləndirir. Çünki prezidenti tənqid etdiyinə görə Sarkisyan tərəfindən küçə söyüşləri ilə təhqir edilən, ardınca da barəsində prezident tərəfindən açıq şəkildə güc strukturlarına “onun fəaliyyətini və biznesini yoxlayın” tapşırığı verilən Tsarukyan partiya liderliyindən də, siyasətdən də getmək məcburiyyətində qalıb. Bu da Ermənistandakı siyasi mühitin göstəricisi hesab edilməlidir. Görünür, 1999-cu ildə parlamentdə baş vermiş kütləvi qətl, 2008-ci ildə isə rejimin əleyhinə çıxan nümayişçilərin gülləbaran edilməsi bütün siyasi qüvvələrə dərs olub. Tsarukyan da ünvanına səslənən hədə-qorxudan nəticə çıxararaq, siyasətdən birdəfəlik getmək qərarına gəlib. Azərbaycanda ən xırda məişət zəminli problemi də siyasiləşdirərək “avtoritar rejim”dən dəm vuran xarici ölkələr və beynəlxalq təşkilatlar Ermənistanda hökm sürən terror atmosferinə reaksiya belə vermirlər. Və şübhə yoxdur ki, bir partiya liderinin qorxudularaq siyasətdən qovulması kimi biabırçı fakt da bu təşkilatların “nəzərindən qaçacaq”.
Qeyd etmək yerinə düşər ki, 2004-cü ildə təsis olunan “Çiçəklənən Ermənistan”ın lideri Tsarukyan Robert Köçəryan hakimiyyətində hakim koalisiya üzvü olub. Serj Sarkisyan hakimiyyəti dövründə, 2012-ci ildə koalisiyadan çıxıb və özünü “alternativ qüvvə” elan edib. Partiyanın 8-ci növbədənkənar qurultayında çıxışında Tsarukyan “fəal siyasətdən” uzaqlaşdığını bəyan edib və partiyanın sədri vəzifəsinə qurumun parlament fraksiyasının katibi Naira Zohrabyanı təklif edib. Tsarukyan prezident Sarkisyanın tənqidçisi kimi tanınırdı və son zamanlar etiraz nümayişlərinə çağırışları ilə populyar idi. Növbədənkənar partiya qurultayı yekdilliklə (bir nəfər bitərəf qalan millət vəkilindən başqa) Naira Zohrabyanın namizədliyini dəstəkləyib. Naira Zohrabyan gələn həftə parlament iclasında partiyanın birmənalı olaraq müxalif statusda fəaliyyətini davam etdirəcəyi haqqında rəsmi bəyanat veriləcəyini bildirib. Lakin o, partiyanın hələ 1 ay bundan əvvəl hakimiyyət dəyişikliyi, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi tələblərinin və Sarkisyanın “tələsik keçirmək istədiyi konstitusiya islahatına qarşı” mövqeyinin qüvvədə qalıb-qalmadığı məsələsinə aydınlıq gətirməyib. Qurumun yeni sədri partiyanın yeni kursu ilə bağlı bütün məsələlərin xüsusi müzakirə mövzusu olaraq gündəmdə olduğunu və “kollegial” araşdırmadan sonra bütün suallara cavab veriləcəyini bildirib. Partiyanın ölkə ərazisində, bütün rayon və kəndlərdə fəaliyyət göstərən bölmələrinin taleyi və ümumiyyətlə, partiyanın maliyyə problemlərinin həlli məsələləri də suallar doğurur. Bu günədək bu problemləri Qaqik Tsarukyan həll edirdi. Bundan başqa, təxminən 400 min üzvü olduğu bəyan edilən partiya vaxtilə, deyilənə görə, Robert Köçəryanın himayəsi ilə təsis edilib və bir çoxları müəyyən karyera və şəxsi bizneslərinin müdafiəsi maraqları ilə “Çiçəklənən Ermənistan”a üzv olublar. Bu gün artıq 7 millət vəkili qurumun fraksiyasını tərk edib, partiya sıralarının kütləvi surətdə tərk edilməsi də istisna olunmur. Artıq sabiq xarici işlər naziri Vardan Oskanyan da qurumdan çıxmaq ərizəsini təqdim etdiyini bəyan edib.
Öz kefində olan Tsarukyan isə “fəal siyasətlə məşğul olmamaq, partiya sədri və fraksiya rəhbəri səlahiyyətlərini üzərindən atmaq” vaxtı gəldiyini və çətin də olsa, bu qərarı “şəxsi istəyi ilə” qəbul etdiyini bildirir. “Bütün mümkün siyasi yollarla mən xalqa əziyyət verən problemləri həll etmək üçün mübarizəyə çalışmışam. Lakin mən həmişə meydanlara qarşı olmuşam. Bir günahsız adamın belə qanının tökülməsini mən özümə heç vaxt bağışlamazdım”, – deyə Tsarukyan bəyan edir.
Partiyadan seçilən deputat Mikayel Melkumyan bildirib ki, Qaqik Tsarukyan həmçinin deputat mandatından imtina edəcək və bir müddət siyasətdən gedəcək: “O, partiyadan getmir. Seçkilərdə iştiraka gəlincə, əgər Tsarukyan partiyada qalırsa, demək, bu, ona lazımdır”.
“Biz Ermənistanda böyüklüyünə görə ikinci siyasi güc sayılırıq. Proqramımıza yenidən baxmağa və ya ideologiyanı dəyişdirməyə hazırlaşmırıq. Müəyyənləşdirdiyimiz yol ilə gedəcəyik, hər şeyi zaman göstərəcək”, - deyə Mikayel Melkumyan vurğulayıb. Deputat deyib ki, “Çiçəklənən Ermənistan” növbəti seçkilərdə iştiraka hazırlaşır, bu, birmənalıdır: “Mən deyə bilmərəm ki, biz növbəti seçkilərə hazırlaşmırıq. Biz həmişə bəyanatlarımızda bunu demişik. Bizim sonrakı addımlarımız hakimiyyətin reaksiyasından asılıdır”.
Xatırladaq ki, prezident Sarkisyan fevralın 12-də Qaqik Tsarukyanı kəskin tənqid edib, onun bir siyasi xadim kim “ölkə üçün bəla” olduğunu bəyan edib, “intellektual qabiliyyətini” şübhə altına qoyub və həmin gün Tsarukyanın Milli Təhlükəsizlik Şurası üzvlüyündən kənar edilməsi haqqında fərman imzalayıb. O ərəfədə Tsarukyan hakimiyyət dəyişikliyi istiqamətində “qəti tədbirlər”, mitinq keçirmək istədiyini və fasiləsiz etiraz aksiyalarına başladığını elan etmişdi. Öz növbəsində dövlət vergi orqanları Tsarukyana və onun yaxınlarına məxsus müəssisələrdə yoxlamalar keçirməyə başladılar, partiyanın ofislərində axtarışlar, partiya fəallarının tutulub polisə aparılması və sair kimi təzyiqlər tətbiq edildi. Bundan sonra Qaqik Tsarukyanla prezident Serj Sarkisyan arasında qapalı şəraitdə görüş keçirildiyi məlum oldu və “Çiçəklənən Ermənistan”ın lideri nəzərdə tutulan etiraz aksiyalarının ləğv edildiyini bəyan etdi. “Bəlkə həmin görüş zamanı prezident miqyaslı etiraz aksiyalarına qarşı qəti tədbirlərlə hədələyib?”. Jurnalistlərin bu sualı da partiyanın qurultayından sonra keçirilən mətbuat konfransında cavabsız qalıb.
Kaspi.az