Səfir: Azərbaycan və ABŞ arasında dərin münasibətlərin inkişafı üçün güclü potensial var
Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir Elçin Mehdiyev/
Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ-ın Azərbaycana yeni təyin olunan Səfiri Robert Sekutanın şərəfinə qəbul təşkil edib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, qurumun İcraçı Direktoru Süzan Sadığova səfir R.Sekutanı və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu, Ticarət Palatasının üzvlərini və qonaqları salamlayıb.
O, hər iki səfirə təşkilatının iki dövlət arasındsa qarşılıqlı ticarət və biznes əlaqələrinin genişlənməsi missiyasına göstərdikləri sadiqliyə görə təşəkkür edib və sözü Ticarət Palatasının həmsədri, Konqres üzvü Bill Delahanta verib.
Həmsədr B.Delahant səfir Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini və onun Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri qeyd edib: “Səfir Sekuta həqiqətən dövlətə yaxşı xidmət edən şəxsi təcəssüm edir və mən ona təşəkkür etmək istəyirəm”.
B.Delahant səfir Sekutanın ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əmin olmasını söyləyib.
Azərbaycanın ABŞ-dakı səfiri E.Süleymanov təşkilatçılara və hörmətli qonaqlara təşəkkür edərək səfir Sekutanın Azərbaycana təyin olunmasından məmnunluğunu bildirib. O, həmçinin iki dövlət arasında olan münasibətlərin mühüm dərəcədə vacib və strateji olmasını qeyd edib və daha çox insanların bu münasibələtlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.
Çıxış edən səfir Sekuta qeyd etdi ki, onun əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin qüclü və müsbət məcrada inkişafını təmin etməkdir. O, Azərbaycan və ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu demişdir.
Səfir qonaqlara 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən 1-ci dərəcənin verilməsini və nəticədə Nyu-York və Bakı arasında uçuşun təmin olunmasını xatırladıb.
Səfir Sekuta həmçinin uğurun davamı üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların getməsini söyləyib.
Çıxışını davam edən R.Sekuta Birləşmiş Ştatlarının Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olmasını deyib: “Cənub Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və bu çox vacib olan vaxtda xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropada enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə və regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə və həmçinin beynəlxalq turistləri cəld edən lider dövlət olmaqda yardım etməkdir”.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az