Ölkə

“Şahinlər” hərbi-idman oyununun rayon turunda 23 komanda mübarizə aparıb

Metbuat.az

Qax, 17 mart,

AZƏRTAC

Martın 17-də Qax şəhər stadionunda “Şahinlər” hərbi-idman oyununun rayon turunun yarışları keçirilib. Birincilikdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 23 komanda mübarizə aparıb.


AZƏRTAC

xəbər verir ki, birinciliyin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramov çıxış edərək Gənclər və İdman, Təhsil və Müdafiə nazirliklilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən bu yarışların yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması məqsədi daşıdığını bildirib.


Sonra yarışların startı verilib. Komandalar sıra hazırlığı, maneələrin dəf olunması, hədəfə “qumbara” atma, “zəhərli zona”nın dəf olunması, “yaralı”nın döyüş zolağından çıxarılması, turist çadırının qurulması və digər yarışlarda qüvvələrini sınayıblar.


Rayon turunun qalibi apreldə Zaqatalada keçiriləcək zona mərhələsində iştirak edəcəkdir.