Digər

Şahid: “İki kişini eyni vaxtda əlimdə saxlamaq istəyirdim”

Metbuat.az

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə baxılması üçün maraqlı bir cinayət işi göndərilib.

İstintaq materiallarında göstərilib ki, sevgilisi tərəfindən aldadılan Şahin Hümbətov intiqam almaq üçün qadının görüşdüyü adamı öldürtmək qərarına gəlib və bunun üçün “killer” tutub. Lent.az bu cinayət işinin istintaq materiallarını təqdim edir.

İttiham aktına əsasən, Şahin Hümbətov bir il əvvəl “24 saat” mağazasında Kəmalə Səlimova adlı qadınla tanış olub. Bir müddət dost kimi görüşən cütlük sonradan sevgili kimi Kəmalənin evində yaşamağa başlayıb. Kəmalənin evinə işlə əlaqədar insanların gəlməsi Şahin Hümbətovu kirayədə yaşamağa məcbur edib. Ancaq onlar yenə də münasibətlərini davam etdiriblər.

Şahin Hümbətov istintaq ifadəsində bildirib ki, bir gün Kəmalənin yaşadığı mənzilə gələrkən orada tanımadığı bir kişini görüb. Sevgilisindən həmin adamın kimliyini soruşanda Kəmalə deyib ki, Musa adındakı bu kişi tanışıdır, həmin şəxslə torpaq alqı-satqısı ilə məşğul olur və Musanın ona borclu var. Bir neçə gündən sonra axşam saatlarında yenidən Kəmalənin evinə gələn Şahin həyətdə Musanın “Toyoto - Prado” markalı avtomobilini görüb və şübhələnib: “Gözətçiyə 10 manat pul verib, xahiş etdim ki, Kəmalənin mənzilinə getsin və maşının işıqlarının yanılı qaldığını söyləsin. Gözətçi bir neçə dəqiqədən sonra qayıdaraq evdə heç kimin olmadığını bildirdi. Mən də kirayə yaşadığım evə getdim”.

Ertəsi gün Kəmalənin yanına gələn Şahin Musa kimi tanıdığı şəxsin qarajda işıqları düzəltdiyini görüb. Kəmalə bildirib ki, özü Musadan elektrik naqillərini təmir etməyi xahiş edib. Bir müddət sonra isə həmin adamın Musa deyil Əli Quliyev adlı biznesmen olduğunu öyrənən Şahin Hümbətov Göyçay şəhərinə gedərək orada tanışı Ədalət Cəfərovun vasitəsi ilə Mikayıl Həmidovla tanış olub. Şahin Mikayıla bir nəfəri öldürəcəyi təqdirdə ona külli miqdarda pul verəcəyini deyib. Mikayıl onun təklifi ilə razılaşaraq, Bakıya gəlib. Onlar bir neçə gün Əli Quliyevi izləyiblər. Nəhayət, bu il yanvarın 19-da Əli Quliyev Mətbuat prospektində yerləşən “Ovçular” mağazasından çıxıb avtomobilinə minərkən Mikayıl bıçaqla ona bir neçə zərbə endirib və hadisə yerindən qaçıb. Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Mikayıl Həmidovun üzərinə baxış keçirilərkən ondan bıçaqla yanaşı, narkotik vasitə olan heroin də götürülüb.

İstintaq zamanı M. Həmidovun əvvəllər qəsdən adam öldürməyə cəhd, quldurluq kimi maddələrlə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edildiyi, lakin islah olunmadığı aydınlaşıb. İstintaq zamanı Ş. Hümbətov Mikayıl Həmidovu tanımadığını, ona heç bir tapşırıq, vəd vermədiyini deyib: “Mən Kəmaləni sevirdim. Ona görə də onu hamıya qısqanırdım, heç kimi öldürmək istəməmişəm”.

Ancaq Mikayıl Həmidov onun ifadələrini təkzib edib.

Kəmalə Səlimova isə ifadəsində göstərib ki, əvvəlcə iş adamı Əli Quliyevlə sonra isə Şahin Hümbətovla ər-arvad münasibətində olub: “Mən Şahinlə tanış olandan sonra onu sevməyə başladım. Həmin vaxt isə Əli ilə dalaşmışdım. Sonradan onunla barışdım və heç birini itirmək istəmədim. Ona görə də Şahinə yalan danışırdım”.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 29.120.1, 29.120.2.5, 29.120.2.10, 29.120.2.2, 29.120.2.1-ci (qəsdən adam öldürməyə cəhd), 221.1-ci (xuliqanlıq), 234.1-ci (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddələrinə əsasən ittiham olunur.

Cinayət işinin qaranlıq qalan məqamlarına məhkəmədə aydınlıq gətiriləcək.

Lent.az-ı izləyin.

Şəhriyar ƏLİZADƏ