Ölkə

Şagirdlər kimya elminə maraq göstərirlər

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Martın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçirilib.


Akademiyadan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, institutunun direktoru, akademik Dilqəm Tağıyev ölkəmizdə elmin, təhsilin inkişafı və onların müasir səviyyədə inteqrasiyası üçün böyük imkanların yaradıldığını söyləyib. Vurğulanıb ki, bu imkanlardan səmərəli istifadə etməklə AMEA-da elmlə təhsilin vəhdətinin təmini, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi akademiyanın qarşısında duran əsas vəzifələrdir.


D.Tağıyev bu cür tədbirlərin keçirilməsində məqsədin şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılması olduğunu vurğulayıb.


Daha sonra institutun aparıcı elmi işçisi Şamo Tapdıqovun “Ağıllı-smart polimerlər” mövzusunda məruzəsi dinlənilib.


Mövzu ətrafında müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb.


Tədbir çərçivəsində şagirdlərin iştirakı ilə kimya fənni üzrə viktorina keçirilib və qaliblər mükafatlandırılıblar. Bundan başqa, məktəblilər üçün əyləncəli kimya təcrübələri göstərilib.