Ölkə

Rusiyada Azərbaycan diasporu “Biz Böyük Qələbənin varisləriyik” adlı aksiya keçirib

Metbuat.az

Moskva, 7 mart,

AZƏRTAC

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGB) təşəbbüsü ilə Moskvada və RF-nin regionlarında Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə hazırlıq çərçivəsində “Biz Böyük Qələbənin varisləriyik” adlı Ümumrusiya aksiyası keçirilib. Birinci tədbir Moska Müharibə və Silahlı Qüvvələr Veteranları Evində keçirilib.


Gecəni ÜAK-ın icraçı direktoru İlqar Hacıyev açıb. O, veteranları qarşıdan gələn Qələbə bayramı münasibətilə təbrik edərək bildirib ki, veteranlar öz qəhrəmanlıq və mərdliyi sayəsində dünyanı çox çətinliklə faşizm əsarətindən azad ediblər. İ.Hacıyev deyib: “Siz ölkəni düşməndən mərdliklə qorumusunuz, böyük itkilər bahasına davam gətirmisiniz və bu ən qanlı müharibədə qalib gəlmisiniz”. O vurğulayıb ki, Qələbənin 70 illiyinin qeyd olunduğu ildə Konqres veteranlar ilə sistemli iş aparmağı nəzərdə tutub. İndiki aksiya müharibə və əmək veteranlarının xatirəsini birlikdə anmaq üçün bir neçə nəslin nümayəndələrini birləşdirməyi nəzərdə tutur.


RAGB-ın İdarə heyəti Şurasının üzvü Emin Hacıyev bildirib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbənin əldə edilməsinə sanballı töhfə verib. 600 mindən çox Azərbaycan vətəndaşı cəbhəyə gedib, onların təqribən yarısı döyüşlərdə həlak olub. Azərbaycanın 130-dan çox vətəndaşı bu müharibədə göstərdikləri rəşadətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. O, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində “Biz Böyük Qələbənin varisləriyik” aksiyasının əhəmiyyətini də vurğulayıb.


Bu təşəbbüsə görə ÜAK-a və RAGB-a təşəkkür edən Moskva Müharibə və Silahlı Qüvvələr Veteranları Evinin mədəni tədbirlər təşkilatçısı Gülmira Eminova əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. O deyib: “Bu çətin zəmanədə, bəzilərinin tarixi yenidən yazmağa çalışdığı bir vaxtda gənc nəslə Qələbənin ümumi olduğunu başa salmaq olduqca vacibdir”.


Təəssüratlarını bölüşən müharibə veteranları azərbaycanlı döyüş dostlarından danışıblar.


Konsert proqramının aparıcısı Ramin Rəcəbov aksiyadan və nəzərdə tutulan tədbirlərdən ətraflı söz açıb. Konsertdə “Azərbaycan” instrumental–xoreoqrafiya ansamblı, qadınlardan ibarət “Medovuxa” kvarteti, gənc rəqqasə İnci Musayeva, aktyor Yeqor Çernıx çıxış ediblər.


“Biz Böyük Qələbənin varisləriyik” Ümumrusiya aksiyasını ÜAK-ın və RAGB-ın bütün regional bölmələri dəstəkləyiblər. Bu aksiyalar çərçivəsində Rusiya regionlarında Böyük Vətən müharibəsi veteranları ilə görüşlər keçiriləcək, könüllülərin köməyi ilə abidələr, Şöhrət xiyabanları və onlara bitişik ərazilər abadlaşdırılacaq. “Azərbaycanlılar Böyük Vətən müharibəsində” fotosərgisi, futbol üzrə “Xalqlar dostluğu Kuboku” turniri, əfsanəvi general Kərim Kərimovun xatirəsinə həsr edilmiş konfrans keçiriləcək. “Öz qəhrəmanlarını tanımaq, öz ölkəsinin tarixini bilmək vacibdir” adlı forum keçirmək nəzərdə tutulub. ÜAK-ın regional təşkilatları gənc istedadlar arasında hekayə müsabiqəsi keçirməyə hazırlaşır. Ən yaxşı hekayələr “Azerbaydjanski Konqres” qəzetində dərc ediləcək.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva