Rusiya təyyarələrində sərnişinlərə mobil telefondan istifadəyə icazə veriləcək
Bakı, 17 mart,
AZƏRTACBu yaxınlarda sərnişinlər Rusiya aviaşirkətlərinə məxsus təyyarələrin göyərtəsində, həmçinin uçuş və eniş zamanı mobil telefonlardan istifadə edə biləcəklər. Rusiyanın Nəqliyyat Nazirliyi “Transaero” şirkətinin müraciətinə əsasən uzun illərdən bəri qüvvədə olan qadağanı ləğv etməyə hazırlaşır.
AZƏRTAC
Vesti.ru saytına istinadla xəbər verir ki, “Transaero” şirkətinin təyyarələrdə mobil telefonlardan istifadəyə qoyulan qadağanın aradan qaldırılması təklifi ilə Nəqliyyat Nazirliyinə müraciət etdiyini deyən nazirliyin nümayəndəsi hazırda qurum tərəfindən müvafiq əmrin hazırlandığını bildirib.
Qeyd edək ki, Rusiya Nəqliyyat Nazirliyinin hava nəqliyyatı departamenti 1995-ci ildə etibarən təyyarələrin göyərtəsində sərnişinlər tərəfindən elektron cihazların istifadəyə məhdudiyyətlər qoymuşdu.
“Transaero” şirkətinin baş direktorunun birinci müavini Dimitri Stolyarov təklifə münasibət bildirərkən aviakompaniyanın “uçuşların təhlükəsizliyinə heç bir maneə törətməyən köhnəlmiş qadağanın” ləğv olunması barədə təkliflə çıxış etdiyini vurğulayıb.