Ölkə

Romada keçirilmiş “BMT Modeli” konfransında Azərbaycan da təmsil olunub

Metbuat.az

Roma, 19 mart,

AZƏRTAC

Xəbər verdiyimiz kimi, Romada “Rome Model UN” - ənənəvi beynəlxalq “BMT Modeli” konfransı keçirilib. Tədbirin son günü dünyanın müxtəlif ölkələrindən olan tələbələrin, məzunların, uğurlu beynəlxalq karyera qurmaq istəyən gənclərin və bir sıra təşkilatların nümayəndələrinin iştirakı ilə sərgi keçirilib.


Karyera qurmaq istəyən gəncləri müxtəlif şirkətlərlə, beynəlxalq və qeyri-hökumət təşkilatları, müvafiq sahədə təcrübəsi olan bir sıra qurumlar ilə görüşdürən tədbirdə Azərbaycan da təmsil olunub. İştirakçıların böyük marağına səbəb olmuş Azərbaycan stendində İtaliya – Azərbaycan Ticarət İnstitutunun (İTAZERCOM), Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA), Azərbaycan Tələbə Şəbəkəsinin (ASN), Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının (ASSAC) səmərəli fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar, cari ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları, Azərbaycanın tarixi, coğrafi və mədəni özəllikləri barədə məlumat verilib.


Sərgidə həm İtaliyanın bir sıra təhsil ocaqlarında, həm də Bakı Dövlət Universitetində, “ADA” Universitetində, Qafqaz Universitetində, Milli Aviasiya Akademiyasında təhsil alan tələbələrimiz fəallıq göstərərək, iştirakçıların diqqətini ölkəmizlə bağlı qurulmuş stendə cəlb ediblər.


Qeyd edək ki, “BMT Modeli” qurumun fəaliyyəti ilə bağlı tələbələri maarifləndirmək məqsədi daşıyan treninq proqramıdır. İtaliyada bu proqramı reallaşdıran “Rome Model UN”un əsas məqsədi vətəndaş cəmiyyəti ilə beynəlxalq institutlar arasındakı əlaqələrin daha da genişlənməsinə dünyanın bir sıra ölkələrindən olan yüzlərlə tələbənin töhfə verməsidir.


Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma