Rəqsanə: “Zeynəb xanım özü mahnılarını oxumağıma icazə verib”– FOTO
“Nə qədər çalışsam da arıqlaya bilmirəm”
Müğənni Rəqsanənin Lent.az-a eksklüziv müsahibəsi
- Uzun müddət görünməməyinin səbəbi nədir?
- Artıq gec-gec görünməyə qərar vermişəm. Əsas odur ki, gec-gec, ancaq dəyərli bir işlə gündəmə gəlim. Bundan sonra yaradıcılığımı bu yolla davam etdirəcəyəm. Rəqsanə bundan sonra az görünəcək, ancaq görünəndə saz görünəcək. Özümə söz vermişəm ki, bundan sonra az görünəcəyəm.
- Eşitmişik ki, ikinci qızın Yağmurun səhhətində problemlər var?
- Düzdür. Yağmuru indi çox qoruyuram. Kəllədaxili təzyiqlə anadan olduğu üçün problemlər yaranır. Ancaq çox qəşəng uşaqdır. Onu dünyaya gətirdiyim üçün çox xoşbəxtəm. Yaxın vaxtlarda Yağmurla bərabər gözəl fotosessiyalarımız dərc olunacaq.
- Rəqsanə, indi hansı işlər üzərində çalışırsan?
- O qədər işim var ki... Hazırda yeni mahnılar üzərində işləyirəm. Onu da deyim ki, həmin mahnılar arasında Zeynəb Xanlarovanın da musiqiləri var. Canlı əfsanəmiz olan Zeynəb Xanlarovanın repertuarına müraciət etmişəm. Ondan dörd mahnı oxuyacağam. Həmin mahnıları da yeni alboma daxil edəcəyəm. Albomda Tunarın bir neçə mahnısı da olacaq. Eyni zamanda Tunarla yeni duet hazırlayacağıq.
- Bəs bununla bağlı Zeynəb Xanlarovanın özündən icazə almısan?
- Əlbəttə, icazə almışam. Mən həmişə əsil sənətkarlarımzıa hörmətlə yanaşmışam. Zeynəb xanım özü şəxsən mənə onun mahnılarını oxumağa icazə verib. Əvvəllər mənə elə gəlirdi ki, Zeynəb xanım məni tanımır. Ancaq bir il əvvəl Zeynəb xanımla telefonla danışdım. Mən qulaqlarıma belə inanmırdım ki, onunla söhbət edirəm. Mənə dedi ki, “sən hansı Rəqsanəsən?” Sonra da bunları əlavə elədi: “Hə bildim, dünən səni göstərirdilər, yeriyə bilmirdin”. Elə həmin vaxt mən ona mahnılarını oxumaq istəyimi bildirdim. Mənə dedi ki, “gəl bizim evə, evdə elə mahnılarım var ki, həmin musiqilər heç oxunmayıb”. Hətta bunu da dedi ki, “oxuyun, ancaq mənim adımı çəkin”.
- Deyəsən, tamam başqa formada üzə çıxmaq firindəsən?
- Bəli, mən tamam başqa Rəqsanə olacağam, hətta məni tanımayanlar da ola bilər. Bundan sonra mən Natəvan Şeyxova, Elmira Rəhimova kimi həm estrada, həm də xalq mahnıları oxuyacağam. Mənim oxumağımı Niyaməddin Musayevin oxu tərzinə bənzədənlər də var. Həqiqətən də ifama qulaq asanda Niyaməddin Musayevin ifasındakı bəzi elementlərin şahidi oluram. Bu tək mənə yox, çoxlarına belə gəlir.
- Bəlkə görünməməyinin səbəbi çəkinin artmasıdır...
- Çəkimdən danışmayın. Özümü çox narahat hiss edirəm. Uşağı dünyaya gətirəndən sonra çəkim 10 kiloqram artıb. Ancaq nə qədər çalışsam da arıqlaya bilmirəm. Ona görə plastik əməliyyat keçirməyə məcburam. Artıq gələn ilin yanvarında plastik əməliyyat keçirmək qərarını vermişəm. Ancaq görünməməyimin səbəbləri heç də görünüşümlə bağlı deyil. Sadəcə, başqa Rəqsanə olmağa qərar vermişəm.
- Plastik əməliyyat üçün Nekrasova müraciət edəcəksən?
- Düzdür, plastik əməliyyatı Bakıda deyil, Mosvada keçirəcəyəm. Ancaq Nekrasovun yanına getməyə maddi vəziyyətim əl vermir. Onun yanına getmək üçün çox pul lazımdır. Plastik əməliyyatdan sonra isə bütün imicimdə dəyişiklik edəcəyəm. Eyni zamanda, mart ayında konsert verməyi planlaşdırıram. Konsertdə əsasən klassik mahnıları oxuyacağam, ancaq estrada mahnıları da olacaq.
- Deyirlər, növbəti dəfə ana olmağa hazırlaşırsan?
- Mən də bu şayiəni eşitmişəm. Ancaq elə sizin vasitənizlə də bunun yalan olduğunu açıqlayıram.
Ülkər