Rəhim Hacızadə edam təhlükəsi qarşısında
Güney Azərbaycan Milli Hərəkatının fəalı, mühəndis Rəhim Hacızadə edam təhlükəsi ilə üzləşib.
Lent.az-ın Güney Azərbaycan Milli Hərəkatına bağlı www.oyrenci.com xəbər saytına istinadən yaydığı məlumata görə, 49 gün əvvəl Ərdəbil şəhərində həbs olunmuş azərbaycanlı təhlükəsizlik orqanları ilə əməkdaşlıq etməməkdə, İran adlanan yerdəki mövcud rejim əleyhinə təbliğat aparmaqda və Azərbaycan türklərinin hüquqlarını müdafiə etməkdə ittiham olunur. Hazırda milli fəalın harada saxlanıldığı məlum deyil. Soydaşımızın ailəsi də təzyiqlərə məruz qalır və onunla hec cür əlaqə saxlaya bilmir.
Xatırladaq ki, milli fəal Ərdəbil şəhərində öz mənzilində həbs olunub. “Ettelaat” əməkdaşları onun bütün şəxsi əşyaları, CD-ləri, kompüteri müsadirə edilib. Milli fəal iki gün “Ettelaat”ın Ərdəbildəki təcridxanasında ağır fiziki və ruhi işgəncələrə məruz qalıb. Onun həbsinə “Savalan əşayirləri” adlı kitabının səbəb olduğu ehtimal olunur. Müəllifin həmin kitabda müqəddəsləri təhqir etdiyi iddia edilir. Bu hərəkət isə İranda edamla cəzalandırılır.
Pərvin ABBASOV