Ramin Musayev: “O hakimlər bu gün utandıqlarından üzümə baxa bilmirlər” - MÜSAHİBƏ
“Necə olur ki, dünən yumurtadan, “Azəristar”dan çıxan müğənnilər 200 minlik “Jeep”də gəzə bilir...”
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Lent.az-a müsahibəsi
- Artıq Azərbaycan Premyer Liqasında 10 tur arxada qalıb. Bu müddətdə PFL-in fəaliyyətini necə dəyərləndirirsiniz?
- Bildiyiniz kimi, bu mövsümdən ölkə çempionatı və kubok matçlarını PFL təşkil edir. Təvazökarlıqdan uzaq olsa da, deyə bilərəm ki, həqiqətən də müsbət yöndə dəyişikliklər baş verib. Düzdür, bəziləri nail olduğumuz irəliləyişləri qiymətləndirmirlər. Amma bunun qərəzdən, yoxsa başqa səbəbdən irəli gəldiyini söyləyə bilmərəm. Bir fakt deyim: cəmi 10 tur keçib, komandaların əvəzedici heyətlərindən əsas və aşağı yaş qrupları üzrə milli komandalarımıza oyunçular dəvət almağa başlayıblar. Halbuki əvvəlki çempionatlarda biz bunu görmürdük. Yəni, komandaların əvəzedici heyətlərinin yaradılması və onların iştirakı ilə ayrıca çempionatın təşkili futbolumuzda böyük dönüş yaradıb. Təəssüf ki, bəziləri bunu qiymətləndirmirlər. Daha bir fakt: əvvəllər hər bir klub istər yerli, istər əcnəbi oyunçu sifariş etmək üçün AFFA-ya üzvlük haqqı ödəyirdi. Hər komanda heyətindəki 20-25 oyunçudan ötrü ən azı 100 – 150 min manat pul verirdi. Amma bu mövsüm AFFA prezidenti Rövnəq Abdullayevin təklifi ilə yerli futbolçular üçün bir qara qəpik də almırıq. Bu addım klubların bizə ödəyəcəyi pulu öz komandalarının inkişafına xərcləməsini təmin etmək məqsədilə atılıb. Premyer Liqada çıxış edən 14 klubun demək olar ki, hamısı özəl qurumların ayırdığı vəsait hesabına fəaliyyət göstərirlər. Onlara indiyədək edilən güzəştlərlə indikilər arasında böyük fərq var.
- Bəs legioner limitinin ləğvi yerli futbolçuların inkişafına mənfi təsir göstərmirmi?
- Gəlin, kiçik hesablama aparaq. Hərəyə 2 qapıçı və 2 hücumçudan götürsək, Premyer Liqanın 14 klubunun üst-üstə 28 qapıçısı və eyni sayda hücumçusu varmı? Hər komandanın heyətində 20 – 25 oyunçunun olduğunu nəzərə alsaq, ümumilikdə bu, 300-dək futbolçu deməkdir. Azərbaycanda bu qədər futbolçu varmı?
- Əgər yoxdursa, əvəzedicilərin çempionatında çıxış etməyə oyunçular haradan tapılır?
- Əvəzedicilərin həm yaşları, həm də təcrübələri azdır. Əvəzedici komandaları ona görə yaratdıq ki, Premyer Liqada çıxış etməyə qadir ehtiyat qüvvə yetişsin, gənc futbolçular oyun təcrübələrini artırsınlar.
- Demək, Premyer Liqada saysız-hesabsız, səviyyəli-səviyyəsiz legionerlərin çıxışını normal sayırsınız?
- Onu deyə bilərəm ki, ötən mövsüm 200 – 250 min manata oynamaq istəməyən yerli futbolçular bu il 50 min dollar qarşılığında çıxış etməyə məcbur olublar. Əgər belə məşhur oyunçudurlarsa, niyə bu qədər aşağı məbləğ qarşılığında oynamağa razı olurdular? Konkret adlar da çəkə bilərdim, amma lüzum görmürəm. Özləri bilirlər. Qapıçı var idi ki, 220 min manatlıq müqavilə, ayda 4 min manat maaş istəyirdi. Bu mövsüm isə artıq 3-4 turdur ki, mən həmin qapıçının oynadığını görmürəm. Bunların hamısı oyunçu qıtlığından irəli gəlirdi. Yerli futbolçular süni şəkildə qiymətlərini şişirdirdilər. Belə halların qarşısını almaq üçün legioner limitini ləğv etdik.
- Vitse-prezident kimi çalışdığınız dövrdə “Neftçi” klubunda da belə hallar müşahidə olunurdu?
- Bəli. 3-4 oyunçu gördüm ki, “Neftçi”nin adına görə gəlib oynamağa razılıq verdi, hörmətlə yanaşdı, qiymət söhbəti eləmədi.
- Onların arasında indi komandadan kənarlaşdırılanlar vardı?
- Gəlin, bu mövzuda danışmayaq. “Neftçi”də baş verən son olaylarla bağlı məndən heç nə soruşmayın. Sözüm ondadır ki, yaxşı oyunçuya hər bir komandada yer var. İstər yerli, istərsə də gəlmə olsun.
- Əslində legioner gətirmək yerli futbolçu almaqdan baha başa gəlməlidir…
- Razıyam. Heç bir klub rəhbəri legioner gətirib oynatmağı istəməz. “Neftçi”də işlədiyim vaxt görmüşəm. Əvvəla, ən böyük problem legionerlərin təhlükəsizliyi ilə bağlıdır. Onların yaşayış yeri, ailə təminatı, aviabiletlərinə az pul xərclənmir. Legioner gətirmək klublara baha “oturur”. Üstəlik, hərəsi bir ölkədən gəlir, ayrı-ayrı xüsusiyyətlərə malikdirlər. Hər birinin nazı ilə oynamaq, öz mühitimizə uyğunlaşdırmaq lazımdır. Əvvəllər yerli futbolçular qiymətlərini süni şəkildə şişirtdiklərindən, legioner transferi onlardan ucuz başa gəlirdi. Amma bu mövsüm həmin yerli futbolçular əvvəlkindən üçqat ucuz məbləğə oynamağa məcbur olublar. Əvvəlki AFFA rəhbərliyinin legionerlərə 3+2 limitini tətbiq etdiyi vaxt yerli futbolçulara çox böyük sərbəstlik verildi. Yenə deyirəm, əvvəllər 200 min manata “naz edən” futbolçu indi 50-60 min manata top qovur.
- Necə düşünürsünüz, legioner limitinin ləğvindən sonra çempionatın səviyyəsi yüksəlib?
- Özünüz diqqət yetirin: X turda öz meydanında “İnter”ə məğlubiyyətin nəticəsi olaraq, “Xəzər-Lənkəran” liderlikdən V pilləyə endi. Biz liderin 4 pillə geriləməsinə sevinmirik. Söhbət çempionatın səviyyə artımından, maraqlı keçməsindən gedir.
- Çempionatın səviyyəsi doğrudan da yüksəlibsə, niyə klublarımız Avropa kuboklarında uğursuz çıxış edir? Bəlkə çempionatda sonadək rəqabətin getməsi əksər komandaların səviyyəsinə görə bərabərləşməsindən irəli gəlir?
- Peşəkar Futbol Liqasının gördüyü işlərin nəticəsi üzümüzə gələn yay klublarımız Avropa kuboklarında çıxış etdikləri vaxt məlum olacaq. İnanıram ki, 2009-2010 mövsümündə Çempionlar Liqası və Avropa Liqasında komandalarımız çox gözəl oyun nümayiş etdirəcəklər.
- Əslində mərhum prezident Ramiz Mirzəyevin AFFA-ya rəhbərlik etdiyi dövrdən - 2004-2005 mövsümündən etibarən milli çempionatda daim 5-6 komanda arasında sonadək mübarizə gedir.
- Amma bu mövsüm xeyli komanda kifayət qədər səviyyəli oyun nümayiş etdirir. “Xəzər-Lənkəran” - “İnter” matçını canlı izləyə bilməmişəm. Çünki həmin gün “Şəfa” stadionunda “Standard” – “Simurq” matçına baxırdım. Sonradan X turun mərkəzi görüşünü videoyazı vasitəsilə izlədikdə oyundan həzz aldım. Yağışlı hava şəraiti, sürüşkən meydançada hər iki komanda gözəl oyun nümayiş etdirdi, hakim matçı yüksək səviyyədə idarə etdi. Həmçinin, “Qarabağ” – “Neftçi” görüşü də maraqlı alındı. Əvvəlki turlarda “Bakı” – “İnter”, “Bakı” – “Xəzər-Lənkəran” qarşılaşmaları da baxımlı idi. Məgər bunlar çempionatın səviyyə artımının əlamətləri deyil?
- Nəticə etibarilə heç birinin oyunun digərindən fərqlənmir...
- Demək, mübarizə irəlidədir. Hələ çempionatın sonuna 16 tur var. Qarşıda bizi gərgin oyunlar gözləyir. Çempionatın səviyyəsi ikinci dövrədə daha da yüksələcək. Gəlin, tələsməyək.
- Çempionata marağın səviyyəsi azarkeş sayındakı artım dinamikası ilə ölçülür. Amma oyunların maraqlı keçməməsi üzündən azarkeşlərin sayında get-gedə azalma müşahidə olunur. Bu halda hansı səviyyə artımından danışmaq olar?
- Mən “oyunlar maraqlı keçmədiyi üçün azarkeşlər stadionlara gəlmirlər” fikri ilə razı deyiləm. Stadionlara tamaşaçı axınını təmin etmək üçün işlər görülür, müxtəlif variantlar nəzərdən keçirilir. Bəziləri deyirlər ki, gəlin, lotereya keçirək, uduşa avtomobil qoyaq. Bu, özümüzü aldatmaqdan başqa bir şey deyil. Çünki bu halda insanlar oyuna baxmağa yox, maşın və digər mükafatlar udmağa gəlirlər. Əslində azarkeşlər maraqlı oyunları, yəni 1-2-ci pillələrin sahibləri arasında keçirilən qarşılaşmaları, prinsipial xarakterli görüşləri, tarixi derbiləri izləmək üçün stadionlara təşrif buyururlar. Digər tərəfdən, bizdə azarkeşlər sevimli komandalarına sonadək dəstək vermirlər. Türkiyənin “Fənərbaxça” klubu Çempionlar Liqası matçında öz meydanında “Arsenal”a 2:5 hesabı ilə uduzdu. Buna baxmayaraq, türk fanatlar sonadək “Fənər”, “Fənər” deyə qışqırırdılar. Amma bizimkilər ilk 15 dəqiqədən sonra “İstefa” qışqırmağa başlayırlar. Belə azarkeşlik olmur. Azarkeşlər komandanın oyunundan narazıdırlarsa, 5-10 nəfər aparıcı üzvləri gəlib klub rəhbərliyi ilə görüşüb, sivil qaydada fikirlərini çatdıra bilərlər. Yoxsa tribunadaca “İstefa” qışqırdıqdan sonra hansı futbolçu əvvəlki həvəslə oynaya bilər? Uduzan komandaya məhz azarkeşləri dəstək verməlidir. Amma susurlar. Sonra da oyunçudan soruşurlar ki, niyə zəif çıxış etdin?
- Əvvəllər zəif klublar güclülərə daha çox “badalaq” vururdular. Amma indi bunu çox nadir hallarda müşahidə etmək olar...
- Bu, cari mövsümdə güclü klubların səviyyələrinin xeyli yüksəlmələri ilə əlaqədardır. Yəni əvvəllər incik futbolçuları yığıb, hansısa güclü kluba “badalaq” vurmaq mümkün idi. Lakin artıq güclü klublara zəiflərin müqavimət göstərməsi çox çətinləşib. Ona görə də gələn mövsüm Premyer Liqanı 12 komanda ilə təşkil etməyi qərara almışıq. Bu klublar arasında iki dövrəlik mübarizədən sonra ilk “6-lıq” və sonrakı “6-lıq” ayrı-ayrı yarımqruplara bölünəcəklər. Bu dəfə hər yarımqrupda ayrıca iki dövrəlik mübarizə gedəcək. Yəni komandaların bir-biri ilə iki yox, dörd dəfə qarşılaşmaq imkanı yaranır. Artıq bir komanda Premyer Liqada 22 yox, 32 oyun keçirmiş olacaq. Bundan sonra oyunlara daha böyük maraq yaranacaq.
- Hazırki çempionatın autsayderlərindən “Bakılı” və “Turan”da vəziyyətin heç də ürəkaçan olmadığı və onların dağılmaq təhlükəsi ilə üzləşdikləri haqda xəbərlər gəlir. Onların mövsümün gedişində Premyer Liqadakı çıxışlarını dayandırma təhlükəsindən ehtiyatlanmırsınız?
- “Bakılı”nın prezidenti Misir Əbilovla yenicə söhbətim olub. Deyir ki, planlarım var, qışda güclü oyunçular transfer edərək komandanı Premyer Liqada saxlayacağam. “Turan”ın bir neçə oyununu izləmişəm. Orada oynayan gənc uşaqlara çox böyük hörmətim var. Onların topla davranışına baxanda adam həzz alır. Sadəcə, klub rəhbəri komandaya bir az barmaqarası baxır. Mən hələ də onların fikrini anlaya bilmirəm.
- Bəlkə klub prezidentinin imkanları elə də yüksək deyil?
- İmkanı yox idisə, komandanı Premyer Liqaya buraxıb biabır etməzdi. Tovuzun futbolda tarixi, sözünü deməyə haqqı var. “Turan”da bir-iki legioner var. Qalanları yerli, azyaşlı uşaqlardır. Onlara sadəcə yüngül stimullaşdırıcı vasitə, təkan lazımdır.
- Bu təkanı AFFA verə bilməz?
- Onda gərək AFFA bütün komandalara kömək etsin. Ayrı-seçkilik etmək olmaz. Digər tərəfdən, federasiyanın bütün komandalara kömək etmək imkanı yoxdur. Özləri sponsor tapmalıdır, biz yox. Niyə bu qədər müğənnilərə sponsorluq edirlər? Öz komandalarına sponsorluq etsinlər də... Tovuzun o qədər igid, mərd oğlanları var.
- Amma AFFA-nın baş sponsoru olan Dövlət Neft Şirkəti MOİK klubuna ikinci dövrədən sponsorluq etməyi qərara alıb...
- Eşitməmişəm. MOİK-in rəisi Natiq Əliyevin bu haqda açıqlamasını oxumuşam. Amma inanmıram. Dövlət Neft Şirkəti AFFA-ya sponsorluq edir. MOİK-ə də sponsorluq etsə, xahiş edərik, digər klublarımıza da əl tutar.
- Bəs Sizcə, “Neftçi” komandasının formalarında Dövlət Neft Şirkətinin reklamının nümayiş olunması nə dərəcədə doğrudur?
- Əvvəla, Dövlət Neft Şirkətinin reklamı “Neftçi”nin formasında çoxdan nümayiş olunurdu, indi də oyunlara həmin formada çıxırlar. Bir də ki, “Neftçi”ni maliyyələşdirən “Azərneftyağ” zavodudur. Ola bilsin ki, Dövlət Neft Şirkəti ilə aralarında müəyyən anlaşma olub. Buna sponsorluq demək olmaz.
- Premyer Liqanın ilk 10 turunun bombardirlər siyahısında ön pillələri legionerlər tuturlar. Bu faktı necə şərh edə bilərsiniz?
- Topu qapıya kim vurur? Hücumçular. Azərbaycanda 3-4 səviyyəli hücumçu ola, ya olmaya. Ona görə də klublar xaricdən çox vaxt hücumçular gətirirlər.
- Hakimliyin səviyyəsi Sizi qane edirmi?
- Premyer Liqada hakimliyin səviyyəsi kifayət qədər yüksəkdir. Sadəcə, hər bir klub uduzanda günahı hakimlikdə görür. Düzünü desəm, mən özüm də “Neftçi”də işlədiyim vaxt hakimlikdən narazılıq etmişəm. Ancaq bu o demək deyil ki, indi Peşəkar Futbol Liqasının prezidenti olduğum üçün hakimləri tərifləyirəm. Oyunlar televiziya vasitəsilə yayımlanır. Ötən mövsümlə indiki hakimlik arasında çox böyük fərq var. Beynəlxalq arenada keçirilən oyunları da izləyirik. Vallah, hakimlər elə səhvlərə yol verirlər ki, biz olsaq, onları güllələyərik. Söyülən də, döyülən də, təhqir olunan da hakimdir. Futbolçu oynamır, baş məşqçi ona söz demir, hakimi söyür. Məşqçi gəlib deyir ki, hakim filan epizodda düzgün qərar vermədi. Kaseti qoyub videoyazıya baxırıq. Deyir, həmin epizodu yavaş qoy. Cavab verirəm ki, orada hakim “siz yavaş oynayın, mən baxım” deməli idi? Ani baş verən epizoddur da... Hakim də insandır. O da səhv buraxa bilər.
- Hakimlərin əməlləri haqda indiyədək müxtəlif fikirlər səsləndirilib. Onların “filan vaxt kimlərinsə sifarişini yerinə yetirdikləri” söylənilib...
- “Filan vaxt” getdi, qardaşım! Hakimlərə sifarişlərin, “filan komanda dayandırılmalıdır” göstərişlərinin verildiyi zamanlar getdi, qardaşım! İndi başqa dövrdür.
- Bu sözləri PFL-in prezidenti təyin olunduqdan sonra hakimləri yığaraq demisiniz?
- Bəli, demişəm!
- Yəqin, “Neftçi”də çalışdığınız vaxt hansı hakimlərin “qara əməl”lərlə məşğul olduğunu bilirdiniz...
- (gülür) Yəni demək istəyirsiniz ki, onların adlarını açıqlayım? Mən “Neftçi”də çalışdığım vaxt nə demişdimsə, indi də sözlərimin arxasında dururam.
- Bəs həmin hakimləri bu posta gəldikdən sonra niyə uzaqlaşdırmadınız?
- Niyə uzaqlaşdırmalıyam? Əksinə, şans verməliyik ki, səhvlərini aradan qaldırsınlar.
- Axı onların adları rüşvət qalmaqallarında hallanıb...
- Söhbət rüşvətdən yox, kimlərinsə sifarişlərini yerinə yetirməkdən gedirdi.
- Məgər sifariş verəndən pul almırlar? Havayı sifariş də olur?
- Gəlin, hakimlikdən yox, başqa sahələrdən danışaq. Kimisə avtomobili ilə hərəkət edərkən, yol polisi saxlayır. Bir idarədə kiminsə tanışını incidirlər. Zəng edib problemi yoluna qoymağı xahiş edirlər. Məgər xahişi pulla edirlər? Hər şeyi pulla ölçməyək, pulla bağlamayaq. Premyer Liqanın arxada qalan 10 turunda hakimlərdən 90 faiz razıyam.
- Bəs hakimlərin kimlər üçünsə sifariş yerinə yetirdikləri haqda siqnallar almamısınız?
- Xeyr, almamışıq. Ola da bilməz! Çünki bir oyuna aldıqları qonorar indiki şəraitdə hakimləri çox yaxşı təmin edir. Hamısı da qonorarından razıdır. Mənə elə gəlir ki, onların rüşvətə ehtiyacları yoxdur. Əgər belə davam etsələr, hakimlərin gələn mövsümdən qonorarları artırılacaq.
- Rüşvət almırlarsa, bahalı maşınları necə əldə edirlər?
- Allaha şükür, bütün firmalar maşınlarını 20-25 illik kreditlə verirlər. Necə olur ki, dünən yumurtadan, “Azəristar”dan çıxan müğənnilərimiz 200 minlik “Jeep”də gəzə bilir? Baş hakim bir oyuna 600 manat qonorar alır. Bir ayda minimum 3 oyuna getsə, 1800 manat edir. Üstəlik, hakimlik ictimai peşədir. Hərəsinin ayrıca işləri var.
- Amma Siz özünüz “Neftçi”də işlədiyiniz vaxt klublarla işbirliyinə girən hakimlərin adlarını açıqlamısınız...
- Bəli, qəsdən, bilərəkdən hansısa komandaya simpatiya bəslədiklərini və ya uduzdurduqlarını demişəm. Bu gün həmin hakimlər utandıqlarından üzümə baxa bilmirlər. Amma oyunlara təyinat alırlar. Bilərəkdən ən çətin oyunlara göndəririk və etimadımızı layiqincə doğruldurlar. Mən onların təyinat almalarının tərəfdarıyam. Yıxılanı kəsməzlər, ayağa qaldırarlar.
Elşən Məmmədov