Ölkə

Qırğızıstanın “Xəbərlər” bülletenində Azərbaycan diplomatının məruzəsi çap olunub

Metbuat.az

Bişkek, 4 mart,

AZƏRTAC

Qırğızıstan Xarici İşlər Nazirliyi Diplomatik Akademiyasının (DA) “Xəbərlər” bülletenində Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovun DA-nın professor-müəllim heyəti ilə görüşündə dinlənilən “Azərbaycanın milli siyasəti ХХ əsrdə” adlı məruzəsi çap olunub.


Məruzədə qeyd olunur ki, ХХ əsr dini, etnik münaqişələr əsridir. Yer kürəsindəki müxtəlif qaynar nöqtələrin, qanlı münaqişələrin böyük əksəriyyətinin əsasında milli məsələlər durur. Etnik mənzərəsi rəngarəng olan Azərbaycanda dəfələrlə milli zəmində münaqişələr törətməyə cəhdlər göstərilib.


Deyilir ki, 96 il bundan əvvəl 1918-ci il mayın 28-də bütün müsəlman dünyasında ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranıb. Çətin ictimai-siyasi dövrdə AXC cəmi 23 ay fəaliyyət göstərsə də, müstəqil demokratik dövlətin təməli qoyulub.


Bildirilib ki, 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etmək və Azərbaycanın dövlətçiliyini inkişaf etdirmək üçün tarixi fürsət əldə edib. Həmin vaxtlar Ermənistanın hərbi təcavüzünə məruz qalan Azərbaycanın ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü mürəkkəb vəziyyətdən çıxacağına və uğur qazanacağına inam az idi. 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevinin səyi nəticəsində ölkəmizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atılmağa başlandı.


Nəşrdə bildirilir ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, xarici əlaqələrimiz genişləndi, hərtərəfli enerji strategiyası reallaşdı və ölkənin uzunmüddətli inkişafının təməlini qoyuldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Vurğulanıb ki, Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır.


Səfir Azərbaycanda milli və millətlərarası həmrəylik, dini tolerantlığın mövcud olduğunu, demokratik, hüquqi və dünyəvi dövlətin möhkəmlənməsi istiqamətində işlərin ardıcıllıqla davam etdiyini əsaslı faktlar və arqumentlərlə şərh edib.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek