Ölkə

Qərb Universitetinin tələbələrinə sığorta bilikləri verilib

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

“Sığortalı Gənclik” layihəsi çərçivəsində növbəti təlimlər martın 16-da Qərb Universitetində keçirilib.


AZƏRTAC

xəbər verir ki, bu ali məktəbin 100-dək tələbəsinin iştirak etdiyi təlimdə Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri layihənin məqsədi və sığorta ilə bağlı maariflənmənin əhəmiyyətindən danışıblar. Tələbələrə, həmçinin sığortanın tarixi, dünya sığorta bazarında gedən proseslər, Azərbaycanın sığorta sektorundakı mövcud vəziyyətlə bağlı geniş məlumat verilib, sığortanın mahiyyəti və onun faydaları barədə danışılıb.


Görüşdə tələbələrin sığorta ilə bağlı sualları cavablandırılıb, onlarla fikir mübadiləsi aparılıb. İştirakçılar sığorta sahəsinə aid maraqlı fikirlər səsləndiriblər.


Təlimi maraqla qarşılayan tələbələr faydalı məlumatlar əldə etdiklərini bildiriblər.


Qeyd edək ki, “Sığortalı gənclik” layihəsi Maliyyə, Gənclər və İdman nazirliklərinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin təşkilatçılığı, “Buta Sığorta”nın tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi Azərbaycan gəncləri arasında sığorta sahəsinin təbliği və təşviqi, gənclərin işçi kimi bu sahəyə cəlb olunması, onlarda sığorta mədəniyyətinin formalaşdırılmasıdır.