Qərb bölgəsinin məktəbliləri Naxçıvanla tanış olacaqlar
Gəncə, 17 mart,
AZƏRTACPrezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilib.
Martın 17-də səhər tezdən Gəncənin mərkəzi meydanı izdiham içərisində idi. Məktəblilər Azərbaycanın qədim yurdu Naxçıvana yola düşmələrini böyük səbirsizliklə gözləyirdilər.
Qrupun rəhbəri, Gəncə metodiki mərkəzin əməkdaşı Fəzail Poladov uşaqların sevincini ifadə edərək
AZƏRTAC-a müsahibəsində bildirib ki, qrupda Gəncə ilə yanaşı Samux, Göygöl, Gədəbəy, Tovuz və Ağstafa rayonlarından ümumilikdə 30 şagird var.
“Məktəblilərin sevinci hədsizdir. Çünki onlar Naxçıvanla bağlı kitablardan oxuduqlarını, televiziyada seyr etdiklərini ekskursiya zamanı öz gözləri ilə görəcək, Azərbaycanın bu qədim diyarının tarixi yerləri, abidələri, eləcə də müasir görkəmi haqqında məlumat əldə edəcək, özlərinə yeni dostlar qazanacaqlar. Buna görə qrupun bütün üzvləri adından tur-aksiyanın keçirilməsi ilə bağlı verdiyi tapşırığa görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk”, - deyə F.Poladov vurğulayıb.
Sonra tur-aksiya iştirakçıları valideynlərinin və onları yola salmağa gələn şəhər icra hakimiyyətinin, eləcə də şəhər təhsil idarəsi işçilərinin xeyir-duası ilə qədim Naxçıvan diyarına yola düşmək üçün paytaxta yollandılar. Məktəblilər Naxçıvana Heydər Əliyev Beynəlxalq Aeroportundan təyyarə ilə yola düşəcəklər.