Ölkə

Qədim Novruz bayramının nuru bütün ilboyu Azərbaycan xalqının həyatını işıqlandırır

Metbuat.az

Bakı, 13 mart, Ayişə Axundaova,

AZƏRTAC

Martın 13-də Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbində tədbir keçirilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino xidməti idarəsi tərəfindən təşkil olunmuş tədbirdə Təhsil Nazirliyinin nümayəndələri – deinstitutlaşma və uşaqların hüquqlarının müdafiəsi idarəsinin şöbə müdiri Həbib Kərimov, məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, habelə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin direktoru Səbinə Məmmədkərimova, mədəniyyət və turizm, gənclər və idman, rabitə və yüksək texnologiyalar nazirliklərinin, Əlil Təşkilatları İttifaqının, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər. Tədbirdə eşitmə, görmə və nitq imkanları məhdud olan insanlar üçün tiflotərcümə və surdotərcümə ilə təchiz olunmuş filmlər göstərilib. Tədbirin keçirilməsindən məqsəd sağlamlıq imkanları məhdud olan insanların asudə vaxtının səmərəli olması üçün şərait yaratmaq, ictimai həyatda onların hərtərəfli inkişafını təmin etmək, bu insanları daha çox məlumatlandırmaq və onların həyat tərzini yaxşılaşdırmaqdır. İctimaiyyət bilməlidir ki, televiziya, kino və incəsənət sahəsində tiflotərcümə və surdotərcümə eşitmə və görmə imkanları olan insanlar üçün çox böyük əhəmiyyət kəsb edir.


Tədbirdə çıxış edən Kino xidməti idarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, respublikada ilk dəfə olaraq Bakı Şəhər İcra Hakimiyyəti görmə, eşitmə və nitq imkanları məhdud olan insanlar üçün filmlərin tiflotərcüməsini və surdotərcüməsini həyata keçirib. Gültəkin Nəriman hər bir cəmiyyətin sərvətinin insanlar olduğunu qeyd edərək deyib ki, bu gün dünyanın bir çox ölkələrində ictimaiyyətin diqqəti sağlamlıq imkanları məhdud olan insanların problemlərinin həllinə yönəlib. Məsələn, Avropa ölkələrində kino, televiziya və incəsənət sahəsində tiflotərcümə və surdotərcümə geniş tətbiq edilir. Təəssüf ki, MDB ölkələrində vəziyyət başqa cürdür. Azərbaycanda ilk dəfə olaraq dörd filmin – “Şərikli çörək” bədii filminin, “Şah və nökər”, “Fitnə” və “Humayın yuxusu” cizgi filmlərinin tiflotərcüməsi və surdotərcüməsi hazırlanıb.


Sonra tiflotərcüməsi və surdotərcüməsi olan “Şah və nökər” cizgi filmi göstərilib. Gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin yetirmələri Novruz bayramına həsr olunmuş rəngarəng konsert proqramı hazırlayıblar. Konsertdən əvvəl çıxış etmiş Mədəniyət və Turizm Nazirliyinin əməkdaşı Rəşad Əliyev və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Samiyar Abdullayev Azərbaycan dövlətinin sağlamlıq imkanları məhdud olan uşaqlara xüsusi diqqət və qayğı göstərdiyini qeyd edərək bildiriblər ki, xüsusi internat məktəbində istedadlı əlil uşaqların aşkara çıxarılması üçün iş aparılır. Tədbirdə qeyd edilib ki, qədim Novruz bayramının nuru bütün ilboyu Azərbaycan xalqının həyatını işıqlandırır, hər bir işdə ona kömək göstərir .


Əlvan milli geyimli uşaqların ifa etdikləri rəqslər və mahnılar tədbirin iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Kosanın və Keçəlin şən zarafatları zalda əyləşənlərdə səmimi gülüş doğurub.


Tədbir çərçivəsində uşaqların Novruz bayramı mövzusunda yaratdıqları rəsmlərin və əl işlərinin sərgisi təşkil olunub.