Ölkə

Qədim Naxçıvanın tarixi abidələri ilə tanışlıq şagirdlərdə xoş təəssürat yaradıb

Metbuat.az

Naxçıvan, 17 mart, Rauf Əliyev, Tural Kəngərli,

AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın 20-dən çox rayonundan 180 məktəbli 20 bələdçi-müəllimin müşayiəti ilə martın 17-də Naxçıvan Muxtar Respublikasına gəliblər.


AZƏRTAC

xəbər verir ki, məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılan əzəmətli abidəsini ziyarət etdilər.


Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış oldular. Məlumat verildi ki, bu gün muzeyin fondunda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 500-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Fəaliyyət göstərdiyi 16 il ərzində muzeyin 240 mindən çox ziyarətçisi olub.


Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Səlimə Nəsirova Muzeyə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin taxta üzərində oyma üsulu ilə hazırlanmış portretini hədiyyə etdi.


Naxçıvan Dövlət Xalça Muzeyində isə şagirdlərə bildirildi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncam xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaradıb. Həmçinin muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3246 eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.


Salyan Rayon Uşaq Yaradıcılıq Mərkəzinin müəllimi Əbülfət Bədəlov mərkəzdə toxunmuş xalçanı Salyan məktəbliləri adından muzeyə hədiyyə etdi.


Məktəblilər “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış oldular. “Xan Sarayı” ilə tanışlıq zamanı məlumat verildi ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, torpaqlarımızın qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il oktyabrın 23-də imzaladığı Sərəncam ilə yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.


Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq da məktəblilərdə xoş təəssürat yaratdı. Bildirildi ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.


Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında yerləşən açıq səma altında nümayiş etdirilən daş abidələr şagirdlərin diqqətini cəlb etdi. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü  sənduqələr məktəblilərin marağına səbəb oldu.


Tur-aksiya martın 24-dək davam edəcək.