Qəbələdə ifaçılıq üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilib
Qəbələ, 11 mart, Şahnəzər Bəşirov,
AZƏRTACQəbələdə ifaçılıq üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilib.
AZƏRTAC
xəbər verir ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, müsabiqənin keçirilməsində əsas məqsəd peşə və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında xüsusi istedada malik gəncləri üzə çıxarmaq, ifa mədəniyyətini yüksəltmək, təhsil müəssisələrində Azərbaycan bəstəkarlarının vətənpərvərlik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi işini daha da yaxşılaşdırmaqdan ibarətdir.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində keçirilən zona baxış müsabiqəsində Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ və Oğuz rayonlarından gəlmiş iştirakçılar Azərbaycan bəstəkarlarının mahnıları, təsnif və xalq mahnıları, bədii qiraət və milli rəqs ifaçılığı nominasiyaları üzrə qabiliyyətlərini nümayiş etdiriblər.
İştirakçıların çıxışları münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilib. Hər nominasiya üzrə ilk iki yeri tutan ifaçılar aprelin 24-də respublika müsabiqəsinin final yarışında iştirak etmək hüququ qazanıblar.