Ölkə

Qaxda idman sahəsində fərqlənənlər mükafatlandırılıblar

Metbuat.az

Qax, 5 mart,

AZƏRTAC

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 5-də Qax şəhərində rayonun idman ictimaiyyətinin toplantısı keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.


Toplantıda ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışılıb, 2014-cü ildə rayon idmançılarının respublika və beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlardan bəhs edilib.


Rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramovun məruzəsində bildirilib ki, Prezident İlham Əliyevin 2005-ci il martın 4-də imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayan idarə rəisi, bu istiqamətdə tədbirlərin ardıcıl davam etdirildiyini, idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün məqsədyönlü iş aparıldığını diqqətə çatdırıb.


Tədbirin sonunda idman sahəsində fərqlənən məşqçi və idmançılara rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.


Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonda idmanın müxtəlif növləri üzrə yarışlar keçirilib.