Qarabağ atları izləyicilərə həyəcan yaşatdı (VİDEO)
Şabranda cıdır yarışı keçirilib. Şabranda hər il Novruz qabağı cıdır yarışı keçirmək artıq ənənə şəklini alıb.
ANS TV-nin bölgə müxbirinin verdiyi məlumata görə, bu il VIII dəfədir keçirilən at yarışları qədim Şabran torpağı olan Rəhimli kəndi ərazisində baş tutub.
Cıdır yarışında birincilik uğrunda 21 çapar mübarizə aparıb. Yarışa başda Qarabağ atı olmaqla rayonun ayrı-ayrı yaşayış məntəqələrindən gətirilən müxtəlif cins atlar qatılıb.
Şabran icra hakimiyyəti başçısının müavini Mehdi Balabəyov bildirdi ki, Şabranda atçılıq inkşaf edir və cıdır yarışlarının keçirilməsində məqsəd atçılığı daha da inkşaf etdirməkdir.
Nəhayət gərgin mübarizənin sonunda birinci yeri “Tufan” ləqəbli Qarabağ cinsli atı ilə rayonun Ağalıq kəndindən olan Həsən Əliyev qazanıb. O, təssüratlarını bizimlə bölüşdü:
“Qarabağ cinsli at sözün əsl mənasında birinciliyə layiqdir. Çox sevinirəm. O gün olsun ki, bu yarışı Qarabağda keçirək”.
Mərasimdə həmçinin Novruz bayramının adət-ənənələri, milli mətbəximiz nümayiş etdirilib. Folklor kollektivinin ifasında konsert proqramı təqdim olunub.
ANS TV: Aytəkin Alxaslı