Dünya

Putini Avropa "öldürür" (VİDEO)

Metbuat.az

Bir həftə ərzində ictimaiyyət qarşısına çıxmaması və iki gün əvvəl Qazaxıstana planlaşdırılmış səfərin ləğvi Vladimir Putinin səhhətilə bağlı müxtəlif iddiaların yayılmasına səbəb olub. Bu məlumatları təsdiqləməyən Kreml isə Putinin səhhətiylə bağlı heç bir problemin olmadığını bəyan edir. Prezidentin mətbuat xidməti Vladimir Putinin xəstəliyilə bağlı məlumatları təkzib edərkən dövlət başçısının əsasən “qeyri-rəsmi görüşlər” formatında fəal işlədiyini bildirib. Rəsmi Moskva həm də bu iddiaların ortaya atılmasında qərbi günahlandırır.



ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin dövlət kanalında yayımlanan 8 Mart beynəlxalq qadınlar günü münasibətiylə Kreml sarayındakı çıxışının əslində 5 mart tarixində çəkilməsi faktı Putinin səhhətiylə bağlı yayılan xəbərləri daha da aktuallaşdırdı. Rusiya prezidentinin 5 mart tarixindən bəri xəstəlik səbəbindən kameralar qarşısında görünməməsi iddialarına Kremlin cavabı özünü çox gözlətmədi.



Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putinin səhhətilə əlaqədar heç bir şübhəyə əsas yoxdur: "O, tam sağlam və gümrahdır. Adəti üzrə ağır iş qrafikilə çalşır”



Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski isə qərbin bu planının üç il öncə olduğu kimi yenə də boşa çıxacağına inanır: "Qərb bütün kartlardan istifadə etdikdən, bütün güllələri atdıqdan sonra yenə də bir nəticə ala bilmədiyindən indi də iddia edirlər ki, guya Rusiya prezidenti xəstələnib. Əlbəttə ki, Rusiyanın onların çaldığı havayla oynamamasından, bizim öz drijorumuzun və öz orkestramızın olmasından çox narahatdırlar. Ona görə də Rusiyanı sındırmaq üçün hər bir alçaq yola başvurmaqdan çəkinmirlər. Bütün qərb, Avropa Birliyi, NATO Rusiya əleyhinə çalışır, ancaq heç nə alınmır”.



12-13 mart tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan Rusiya, Qazaxıstan və Belarus liderlərinin sammitinin təxirə salınması da Vladimir Putinin səhhətinin pisləşdiyi xəbərini gündəmə gətirmişdi. 2003-cü ildən bəri Putinin xərçəng xəstəliyinə tutulduğu barədə xəbərlər müəyyən fasilələrlə qərb mətbuatında yer alır. Ən son ötən ilin payızında da Putinin bel iliyi xərçənginə tutulduğu iddia edilmişdi.



Mənbə
ANS TV: Aqşin Sabiroğlu