Ölkə

Prezident İlham Əliyev: Dünyada elə qüvvə yoxdur ki,  Azərbaycan xalqının iradəsinə təsir edə bilsin

Metbuat.az

Bakı, 20 mart,

AZƏRTAC

Bu gün biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan etmişlər. Bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin.


AZƏRTAC

xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Novruz bayramı münasibətilə ümumxalq şənliyindəki nitqində bildirib. 


Dövlətimizin başçısı Azərbaycanda bütün azadlıqların təmin edildiyini, ölkəmizdə azad cəmiyyətin formalaşdığını qeyd edib. Prezident deyib: “Azərbaycanda hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilibdir. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilibdir. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülürlər. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymırlar, vermirlər? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir. Mən həm xarici həmkarlarımla, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu sualları açıq şəkildə onların üzünə deyərək verirəm. Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq”.