Prezident İlham Əliyev: “Azərbaycanda hər kəs azaddır”
“Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin”
Bu gün biz görürük ki, dırnaqarası ekspertlər, politoloqlar, keçmiş dövlət xadimləri, mətbuat orqanları sanki Azərbaycana qarşı soyuq müharibə elan edib. Bütün bu səylərin heç bir nəticəsi yoxdur, ola da bilməz. Dünyada elə qüvvə yoxdur ki, Azərbaycan xalqının iradəsinə təsir edə bilsin”.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyindəki nitqində bildirib.
Dövlət başçısı Azərbaycanda bütün azadlıqların təmin edildiyini, ölkədə azad cəmiyyətin formalaşdığını qeyd edib. Prezident deyib: “Azərbaycanda hər kəs azaddır. Azad mətbuat təmin edilib. İnternetə heç bir məhdudiyyət qoyulmur, azad internet var. Sərbəst toplaşmaq azadlığı təmin edilib. Vicdan, din azadlığı bəzi ölkələrdən fərqli olaraq tam şəkildə təmin edilib. Ancaq bizi ittiham etmək istəyən dairələrin öz ölkələrindəki vəziyyətə baxın. Bax, elə dünən Avropanın mərkəzində yüzlərlə nümayişçi döyülərək, söyülərək həbs edilib. Başqa yerlərdə insanlar boğularaq, güllələnərək öldürülür. Heç kim də buna görə məsuliyyət daşımır. Haradadır o qeyri-hökumət təşkilatları ki, bizi ittiham edirlər? Niyə susurlar? Niyə öz səslərini ucaltmırlar? Niyə o ölkələri ittiham etmirlər? Cürətlərimi çatmır? Yoxsa ki, bu, ikili standartlar siyasətidir?! Yəqin ki, hər ikisidir. Nə üçün beynəlxalq qurumlar bəyanatlar yaymır? Nə üçün qətnamələr qəbul edilmir? Bax bu suallara cavab almaq çox çətindir”.
Prezident bildirib ki. O, həm xarici həmkarları, həm beynəlxalq təşkilatların rəhbərləri ilə çoxsaylı görüşlərində bu sualları açıq şəkildə onların üzünə deyir: “Bəlkə buna görə də Azərbaycana qarşı təzyiqlər daha da kəskinləşir. Əfsuslar olsun ki, bu gün dünya siyasətində beynəlxalq hüquq yox, riyakarlıq, ikili standartlar, ayrı-seçkilik, irqçilik, islamofobiya, ksenofobiya hökm sürür. Budur bugünkü reallıqlar. Ona görə, biz buna hazır olmalıyıq və biz hazırıq”.