Dünya

Poroşenko İqor Kolomoyskini istefaya göndərir

Metbuat.az
Petro Poroşenko İqor Kolomoyskinin Dnepropetrovsk vilayəti başçısı vəzifəsindən istefası haqqında fərman imzalayıb, Ukrayna prezidentinin saytında məlumat verilir.
 
Məlumata görə, sənədi Poroşenko Kolomoyskinin xahişi ilə onunla şəxsi söhbəti zamanı imzalayıb.
“Biz sülh, sabitlik və sakitlik təmin etməliyik. Dnepropetrovsk diyarı Ukraynanın Şərqdə istehkamı qalaraq, vətəndaşların əmin-amanlığını qorumalıdır”, - Petro Poroşenkonu onun mətbuat xidməti iqtibas edir.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, fevral ayından Zaporojya vilayəti dövlət administrasiyasının başçısı vəzifəsini tutan Valentin Rezniçenko Dnepropetrovsk vilayət başçısı vəzifəsinin icraçısı təyin ediləcək.
 
Ötən həftə, jurnalisti söyərək təhqir etdiyinə görə, oliqarxa töhmət elan edilmişdi.
Qalmaqal 20 marta keçən gecəsi Kiyevdə “Ukrtransnafta” şirkətinin baş ofisi yanında baş verib. “Azadlıq Radiosu” jurnalistinin, gecəyarısı ofisin yanında neynəyir, sualına Kolomoyski kobud ədəbsiz ifadələrlə cavab verib.
 
İqor Kolomoyski “Azadlıq Radiosu” jurnalisti ilə səhv davrandığını etiraf edib, lakin ondan üzr istəmək niyyətində olmadığını bildirib.
“Birinci dərəcəli dövlət qulluqçusu kimi belə rəftar etmək olmaz, bunu etiraf edirəm. Lakin konkret olaraq cənab Andruşkoya mən əl verməyəcəyəm və üzr də istəməyəcəyəm. Jurnalist aləmindən üzr istəyə bilərəm, amma ondan - yox”, - Kolomoyski “1+1” telekanalına müsahibəsində deyib.
Martın 19-da Ali Rada tərəfindən səhmdar cəmiyyətlər haqqında qanunda qəbul olunmuş düzəlişlər İqor Kolomoyskini energetika müəssisələri üzərində nəzarətdən məhrum edib.
 
Həmin gün “Ukrtransnafta” şirkətinin müşahidəçi şurası Kolomoyskinin adamı sayılan Aleksandr Lazorkonu şirkət rəhbərliyindən azad edib və onun yerinə Yuri Melniki təyin etmişdir.
 
Lazorkonun müdafiəsinə gələn İqor Kolomoyski şirkətin qeyri-qanuni ələ keçirildiyi və rəhbərin qeyri-qanuni azad edildiyini bəyan edib.
Kolomoyski bazar günü də binanın mühafizəçiləri ilə millət vəkili Mustafa Nayem arasında toqquşma zamanı Kiyevdə “Ukrtransnafta” şirkətinin ofisi yanında olub.
 
Poroşenkonun mətbuat xidməti çərşənbə günü axşamı Kolomoyski ilə görüşdən sonra prezidentin səhmdar cəmiyyətləri haqqında qanunu imzaladığını bildirib.

Milli.Az