Polşanın Azərbaycandakı səfiri Bakı Slavyan Universitetində olub
Bakı, 3 mart,
AZƏRTACPolşanın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Tsalka martın 3-də Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan
AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin rektoru, professor Asif Hacıyev qonağa rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, burada fəaliyyət göstərən polyak dili və mədəniyyəti mərkəzi, bu istiqamətdə kadr hazırlığı barədə məlumat verib.
Polşanın bir sıra tanınmış universitetləri, o cümlədən Varşava Universiteti ilə BSU-nun əməkdaşlığından söhbət açan rektor ölkəmizə yeni təyin edilən səfirin dəstəyi ilə bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.
Polşa ilə Azərbaycan arasındakı əlaqələrdən danışan Marek Tsalka təhsil sahəsindəki münasibətlərə də toxunub, BSU ilə Polşanın ali təhsil müəssisələri arasında əməkdaşlıqla bağlı layihələrdən razılığını bildirib. Diplomat, həmçinin gələcəkdə yeni layihələrin həyata keçirilməsinə kömək göstərəcəyini söyləyib.