Polis Akademiyasında “Azərbaycan multikulturalizmi” dərsi keçirilib
Bakı, 12 mart,
AZƏRTACBakı Beynəlxalq Multikulturalizm Mərkəzi Polis Akademiyasında “Azərbaycan multikulturalizmi” mövzusunda səyyar mühazirə təşkil edib.
Mərkəzin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, akademiyanın professor-müəllim heyəti və müdavimlərinin iştirak etdiyi tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb. Bunun bir fenomen olaraq müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Qeyd edib ki, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövləti ölkəmizdə tarixən yaranmış çoxmədəniyyətliliyin dayanıqlığını təmin etməklə yanaşı, dünya siyasətinə dəyərli bit töhfə olaraq təqdim edilməsi istiqamətində əhəmiyyətli təşəbbüslər irəli sürür.
Mühazirə Təhsil Nazirliyi tərəfindən təsdiq olunan “Azərbaycan multikulturalizmi” proqramına müvafiq olaraq il boyu ölkəmizin müxtəlif bölgələrində keçirilməsi planlaşdırılan “Azərbaycan multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində keçirilib.