Dünya

Pem qasırğası ada-dövlət olan Vanuatuda tikililərin 90 faizini məhv edib

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Vanuatuda həyat yenidən başlamalıdır. Sakit Okeanda yerləşən bu ada dövlətinin prezidenti Bolduin Londsdeyl ölkəsinin məruz qaldığı güclü Pem qasırğasının arxipelaqın əsas adası olan Port-Viladakı tikililərin 90 faizini məhv etdiyini və onun bərpasına uzun illərin lazım olacağını bildirib.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, faciə zamanı Yaponiyada keçirilən beynəlxalq konfransda olan Bolduin Londsdeyl təbii fəlakətin əsas səbəbi kimi “planetdə iqlimin dəyişməsini” göstərib.


Qeyd edək ki, Pem siklonu Vanuatuya martın 14-ü səhər saatlarında çatıb. Sürəti bəzən saatda 270 kilometrədək yüksələn güclü tufan nəticəsində ən azı 52 nəfərin öldüyü bildirilir. Lakin hökumət hələ ki, ölənlərin sayını dəqiqləşdirməyə çətinlik çəkir. Təxliyə mərkəzlərinə 10 minə qədər insan sığınıb.


Hazırda gücünü bir qədər itirən Pem siklonu cənuba doğru hərəkətini davam etdirir və Yeni Zelandiyaya yaxınlaşır. Xilasedicilər bu səhər Yeni Zelandiyanın leysan yağışları səbəbindən su altında qalan bəzi ərazilərindən əhalini təxliyə ediblər. Bir sıra kiçik şəhərlərdə elektrik enerjisi kəsilib. Hökumət yaxınlaşan siklon barədə əhaliyə xəbərdarlıq edib, ən azı üç gün müddətinə içməli su və ərzaq ehtiyatı yaratmaq tövsiyə olunub.