Pakistandan Qarabağ dəstəyi
Pakistan İslam Respublikası Senatının müdafiə komitəsi Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində 3 may 2015-ci il tarixində qondarma rejim tərəfindən keçirilməsi nəzərdə tutulan qanunsuz “parlament seçkiləri”ni qəti şəkildə pisləyən bəyanatla çıxış edib.
Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan ilə dost və qardaşlıq münasibətlərdə olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyir və həmrəyliyini bildirir. Bəyanatda Ermənistanın qanunsuz işğalı qəti şəkildə pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin icra olunmasına tam dəstək ifadə olunur.
Həmçinin, sənədddə Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu senatın müdafiə komitəsinin bütün Azərbaycan xalqı, xüsusi ilə işğal olunmuş ərazilərdən olan azərbaycanlılar ilə həmrəy olduğu bir daha bildirir, beynəlxalq hüquq, BMT-nin nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında münaqişənin ümumbəşəri ədalət normaları əsasında həll edilməsinin dəstəkləndiyi vurğulanır.
MənbəANS PRESS