Digər

Oxlov tərbiyəsi...

Metbuat.az

Atam sovetlər dönəmində vəzifədə idi. Özü də rayonda. Hamını gözü üstümüzdə olardı.

Başımızda ağ bant, ayağımızda ağ corab, qışda şal don, ağ, ya da qara önlük, yazda isə ağ köynək, qara ətəkdən başqa nəsə geyməzdik. Cəmi bir dəfə atamın baha qiymətə aldığı “varyonka” ətəyi geymək istəyimə oxlovla reaksiya vermişdi anam.

Və hər şey anaların oxlovu sındırmasından sonra başladı...

Ölkənin ən nüfuzlu müəllimlərindən birinin – Hamlet İsaxanlının ailəsində baş verən olay gündəmin altını üstünə çevirəndə yadıma düşdü öz “hadisəm”. Amma, məncə olay təkcə bu deyil. İllər öncə Şəmkirin icra başçısının oğlu qətlə yetirilmişdi. Lamiyə qalmaqalının ardınca ən iyrənc qoxusu çıxana qədər düşüb getdik hamımız. Ona qədər başqa bir varlının oğlu xalq artisti Ağasəlim Abdullayevin ailəsində faciələr yaşanmasına səbəb olmuşdu. Belə şeylər çoxdur.

Bunları o üzdən xatırlatdım ki, indi Hamlet müəllimin ailəsində baş verən olayda, yəni qızın döyülməsi qədər başqa bir “vacib” məsələ var.

“Qadın xeylağı gecə saat beşdə küçədə nə gəzirdi ki, döyülsün də?!”...

Özü də kişilər qədər qadınlar da hay-həşir salıb. Bu qafada olan azərbaycanlı qadınları və kişiləri anlamıram. Kişilər o saatlarda küçədə olan qadını mütləq əxlaq məsələsinə bağlayır. Qadınlar da “oy daaa, ərim (bəzən “oy daa”dan sonra qaqaş, papa da deyilir. Xüsusən də subay olanlar - J.M) başımı kəsər” – deyirlər. Əziz kişilər, əmin olun ki, o saatda küçədə siz deyən qadınlar olmur təkcə. Məsələn, bəndənizin də gecə saat dörddə küçəyə çıxdığı olub. Amma, məsələn dərman dalınca... Bir də xəstəxanada yaxınlarının birinə vacib lazım olduğuna görə qaçıb. İndi durub artistlik eləyə bilmərəm ki, yolda mənə nəsə deyən, söz atan olmayıb. Yox oldu, amma bura o edilən təklifin də, verilən cavabın da yeri deyil. Bircə onu deyim ki, məsələ sözü deyən üçün çox pis bitmişdi...

Və qaldı qadınlara... Bu qədər gizlənməyə, kiməsə xoş gəlsin deyə oyun oynamağa gərək yoxdur. Hər halda kişilər o yana dursun, qadınlar sizi bilir axı, qadınlar! Gecə saat neçədə olur-olsun lazımdırsa, küçəyə çıxmaq olar. Ən azı kişiləri yuxarıdakı kompleksdən azad edəcəyik belə olmaqla.

Məni cəlb edən həm də hadisənin ölkənin nüfuzlu müəllimlərindən birinin ailəsində baş verməsidir. Və bundan dolayı bir xanıma əl qaldıra biləcək oğlanların hansı ailəyə mənsub olmalarıdır. Deyilənə görə, döyən qardaşlar “vorzakon” oğlanlarıdır. Mən müəllimlə “vorzakon” sözünü bir arada ağlıma sığdıra bilmədim, açığı. Bəlkə kiməsə sığışır bu söz? Ona da iradım yox.  

Məsələ bir də o uşaqların böyüdüyü ailədə aldığı tərbiyədir. Məncə, hər şey gəldi-gedərdi həyatda, insanın ən böyük sərvəti onun övladı, ona verdiyi tərbiyə və təhsildir. O üzdən sözüm sadəcə o insanlaradır ki, sahib olduqları sərvətləri düzgün yönəltsinlər. Düzgün yönəltsinlər ki, sabah bir məzar qarşısında aciz, bir həbsxana qarşısında rəzil və şagird qarşısında diliqısa müəllim olmasınlar...