Ölkə

Ordubadın füsunkar təbiəti, tarixi abidələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat doğurub

Metbuat.az

Naxçıvan, 18 mart, Rauf Əliyev,

AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında səfərdə olan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya iştirakçıları füsunkar təbiəti, tarixi abidələri ilə diqqət çəkən Ordubad rayonunda olublar.


AZƏRTAC

xəbər verir ki, məktəblilər Ordubadın tarixi abidələri ilə tanış olub, rayondakı muzeyləri gəziblər.


Əvvəlcə şagirdlər Ordubad şəhərində əsaslı şəkildə yenidən qurulan 3 nömrəli tam orta məktəbə gəliblər. Şagirdlərin diqqətinə çatdırılıb ki, üçmərtəbəli məktəb binası 744 şagird-yerlikdir. Təhsil ocağında müasir tələblər səviyyəsində maddi-texniki baza yaradılıb. Burada ayrı-ayrı fənn kabinələri və laboratoriyalar mövcuddur.


Ordubad şəhərindəki “Buzxana” tarix-memarlıq abidəsinə gələn şagirdlərə məlumat verildi ki, abidə xalqımızın bir neçə əsr bundan əvvəlki yaşayış səviyyəsini, mədəniyyətini özündə təcəssüm etdirən memarlıq nümunəsidir. Məişət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan bu abidə vaxtilə əhalinin buza olan tələbatının ödənilməsi üçün istifadə edilib. Bu gün “Buzxana”da Ordubad rayonuna xas olan milli mətbəx nümunələri yüksək səviyyədə təbliğ ol­u­nur.


Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn məktəblilərə buradakı eksponatlar barədə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Vilayət Bağırov ətraflı məlumat verdi. Bildirildi ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədi ilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. Bu gün burada Ordubada məxsus, dəyəri qiymətli daşlardan heç də aşağı olmayan tarixi eksponatlar sərgilənir.


“Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir. Bu gün həmin binalardan ən abadı Ordubaddadır. “Qeysəriyyə” binası 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.


Tanınmış elm xadimi Yusif Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyi ilə tanışlıq da şagirdlərdə xoş təəssürat yaratdı. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində fond və iş otaqları, ikinci mərtəbəsində isə ekspozisiya zalı yerləşir. Burada akademikin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə aid sənədlər, çap olunmuş əsərləri, habelə xatirə şəkillərindən ibarət 2 minə yaxın eksponat saxlanılır. Bu eksponatlardan 250-si ekspozisiyada nümayiş olunur.


Məktəblilər Məmməd Səid Ordubadinin ev-muzeyində də oldular. Məlumat verildi ki, M.S.Ordubadi qələmi ilə dövrünün ustad ədibi, ictimai xadim kimi ad qazanıb. Onun bu xidmətlərini nəzərə alan ümummilli lider Heydər Əliyev 1972-ci ildə Ordubad şəhərində Məmməd Səid Ordubadinin ev-muzeyinin yaradılması haqqında qərar qəbul edib. 2010-cu ildə muzeydə yenidənqurma işləri aparılıb. Bu gün muzeydə yazıçının həyatını və yaradıcılığını əks etdirən yüzlərlə eksponat, əl yazıları var.


Şagirdlər Ordubad şəhərindəki yeraltı abidəyə də baxıblar. XIX əsrin ikinci yarısında ordubadlı Mənsur Ağa tə­rəfindən inşa edilən yeraltı abidə çar Rusiyası döv­rün­də poçt binası, Sovet hakimiyyəti illərində isə bir tərəfi poçt binası, digər tərəfi isə “Pionerlər evi” kimi fəaliyyət göstərib. Abidə dəhliz və iki otaqdan ibarətdir. Ötən illərdə bərpa ediləndən sonra otaqlardan birində xal­çaçılıq müəssisəsi, ikinci otaqda foto-satış-sərgi salonu təşkil olunub.


Ordubadın füsunkar təbiəti, tarixi abidələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat doğurub.


Naxçıvan Muxtar Respublikasında “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində ekskursiyalar martın 24-dək davam edəcək.