Digər

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri araşdırma aparıblar

Metbuat.az

[ 18 Mart 2015 12:23 ]



Bakı. Fərid Mirzəev - APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun  üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, həmçinin saxlanılma şəraiti və rəftar vəziyyətinin öyrənilməsi olub.

Başçəkmədə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmə zamanı Milli Preventiv Qrupun üzvləri həmin müəssisədə on beş  saxlanılan şəxslə görüşüb, həmin şəxslərə qarşı rəftar və saxlanma şəraiti ilə bağlı vəziyyəti  öyrəniblər.

Qəbul edilmiş təqsirləndirilən şəxslərlə fərdi qaydada aparılan söhbət zamanı həmin şəxslər saxlanılma şəraiti və müəssisə əməkdaşlarının onlara qarşı rəftarı ilə bağlı narazılıq etməyiblər.

Həmin şəxslərə qaldırdıqları məsələlərlə əlaqədar hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri  izah  edilib. Eyni zamanda onlardan bəzilərinin istintaqın qeyri-obyektiv aparılması  ilə bağlı Ombudsmana ünvanlanmış müraciətləri  araşdırılması üçün müvafiq orqana göndərilib.

Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərinə müvafiq tövsiyələr verilib.