Ölkə

Ölkəmizin bölgələrini gəzdikcə şagirin doğma vətənə məhəbbətləri daha da artır

Metbuat.az

Şəmkir, 19 mart,

AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan naxçıvanlı məktəblilər bölgə ilə tanışlığı martın 19-da Şəmkirdə davam etdirərək, rayonun tarix-mədəniyyət abidələri, turizm obyektləri, görməli yerləri ilə tanış olublar.


AZƏRTAC

xəbər verir ki, səhər tezdən Şəmkirə gələn məktəbliləri rayonun icra hakimiyyəti nümayəndələri, təhsil və mədəniyyət işçiləri qarşıladıblar. Rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlanan tur-aksiya zamanı şagirdlərə məlumat verilib ki, Böyük İpək Yolu üzərində yerləşən bu qədim şəhər 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının ərazidə apardıqları qazıntılar zamanı aşkar edilib. Alimlərin araşdırmaları zamanı məlum olub ki, şəhər ərəb, Bizans, Hülakü və Atabəylərdən sonra rus qoşunlarının hücumuna məruz qalaraq dağılıb.


Məktəblilər Muxtariyyə kəndi ərazisində yerləşən bu tarixi abidə qarşısında xatirə şəkli çəkdirdikdən sonra rayon mərkəzinə gələrək, Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və siyasi fəaliyyəti ilə yaxından tanış olublar. Mərkəzdə dahi şəxsiyyətin müxtəlif dövlətlərdə keçirdiyi görüşləri əks etdirən fotoşəkillərə baxan məktəblilər onun müstəqil Azərbaycanın inkişafı və dünya birliyi ölkələri sırasına çıxması üçün gördüyü işlərlə bağlı verilən məlumatı maraqla dinləyiblər. Sonra şagirdlər bayraq muzeyində, abidələr parkında, eləcə də vaxtilə burada yaşamış almanların inşa etdirdikləri Lüteran kilsəsində olublar. Həmin gün abidələr parkında keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.


Naxçıvan məktəblilərindən ibarət qrupun rəhbəri, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kənd tam orta məktəbin direktor müavini Eldəniz Hüseynov Şəmkirdən aldıqları təəssüratla bağlı

AZƏRTAC

-a müsahibəsində deyib ki, dövlətimizin başçısı təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət və qayğı göstərdiyi kimi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və onlarda vətənpərvərlik hissinin yüksəldilməsi qayğısına da qalır. Elə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın təşkili buna əyani misaldır. Üç gündür ki, respublikamızın qərb bölgəsindəyik. Burada çox şey öyrəndik və gördük. Söz yox ki, şagirdlərimiz ölkəmizin bölgələrini gəzdikcə, doğma Vətənə olan məhəbbətləri daha da artır. Bütün bunlara görə dövlətimizin başçısına minnətdarıq.