Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
[ 11 Mart 2015 13:33 ]
Bakı. Fərid Mirzəyev – APA. Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-190, Kiçik Qafqazın çaylarında 70-130, Lənkəran-Astara bölgəsi çaylarında 210-370, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edib.
Martın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 171 m3/s olmaqla ongünlük normanın 64 faizini, 2014-cü ildə isə bu rəqəm 200 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 74 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 48 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.
Martın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Surrada 2 sm artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 396 sm (2014-cü il martın 11-də 314 sm), Şirvanda 269 sm (2014-cü il martın 11-də 140 sm), Salyanda 237 sm (2014-cü il martın 11-də 70 sm), Bankədə 207 sm (2014-cü il martın 11-də 176 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2014-cü il martın 11-də 87 sm) təşkil edib.