Ölkə

“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycanı İtaliyada təmsil edib

Metbuat.az

Gəncə, 26 mart,

AZƏRTAC

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin (İB) fəal üzvləri Avropa Komissiyasının “Erasmus +” proqramı çərçivəsində İtaliyanın Fertiliya şəhərində keçirilən beynəlxalq təlimlərdə iştirak ediblər. Azərbaycan, Gürcüstan, Portuqaliya, Türkiyə, Serbiya, Makedoniya, Albaniya, Rumıniya, Bolqarıstan və Ermənistandan olan gənclərin qatıldığı beynəlxalq təlim kursunda əsas müzakirə mövzusu münaqişələrdən sonrakı dövrdə qaçqınların, miqrantların və sığınacaq axtaranların problemlərinin həlli, eləcə də bu istiqamətdə həyata keçirilən tədbirlərdə gənclərin iştirakını təmin etmək məsələləri olub.


Yeddi gün davam edən beynəlxalq layihə çərçivəsində İctimai Birliyin üzvləri ölkəmizdə gənclər siyasətinin uğurları, Gəncənin “2016-cı il Avropa Gənclər Paytaxtı” seçilməsi, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi və digər nailiyyətlərdən danışıb, təqdimatlar keçiriblər. Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilən azərbaycanlıların problemləri də geniş müzakirə edilib.


“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova

AZƏRTAC

-a deyib ki, İB-nin əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Birliyin yaradılmasından qısa vaxt keçməsinə baxmayaraq, təşkilat indiyədək 11 ölkədə keçirilən beynəlxalq layihələrdə iştirak edib. Birliyin üzvləri cari ilin iyun-iyul aylarında Türkiyə, Rumıniya, Çexiya, Macarıstan və Çexiyada keçiriləcək layihələrin tərəfdaşı olaraq beynəlxalq təlim kurslarında, gənclər mübadiləsi proqramlarında iştirak etmək üçün hazırlıq işləri görürlər.