Ölkə

Nazir Hektor Timerman: Azərbaycan Argentinanın yaxın dostu və tərəfdaşıdır

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Milli Məclisin deputatları Cavanşir Feyziyev, Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərovun daxil olduğu nümayəndə heyəti martın 9-10-da Argentinada səfərdə olub.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, nümayəndə heyəti səfər çərçivəsində Argentinanın vitse-prezidenti və Senatın sədri Amado Boudou, Deputatlar Palatasının sədri Xulian Dominguez, Milli Konqresin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qruplarının üzvləri ilə görüşüblər.


Görüşlərdə Azərbaycan və Argentina qanunverici orqanları arasında əməkdaşlıq, bu xüsusda hər iki ölkənin parlamentlərindəki dostluq qruplarının fəaliyyəti, parlamentlərarası əlaqələrin Azərbaycan-Argentina münasibətlərinin dərinləşdirilməsinə verə biləcəyi töhfələr müzakirə olunub. Tərəflər Azərbaycan və Argentina arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğundan və hər iki ölkənin beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşməsindən məmnunluğunu bildiriblər. Xüsusi olaraq qeyd edilib ki, beynəlxalq hüququn aliliyi və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərə hörmətlə yanaşılması beynəlxalq nizamın təmin olunması üçün önəmlidir.


Görüşlərdə, habelə iki ölkə arasında iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, regional təhlükəsizlik mövzuları da müzakirə edilib. Parlamentarilərimiz Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, münaqişəyə münasibətdə beynəlxalq təşkilatların mövqeyi, problemin həllinin gələcəkdə regionda sülh, əməkdaşlıq və inkişafa təsiri imkanları barədə də məlumat veriblər.


Argentina parlamentində keçirilmiş görüşlərin ardınca Milli Konqres adından Azərbaycan nümayəndə heyətinin şərəfinə ziyafət verilib.


Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə də görüşüb. H.Timerman Azərbaycanı Argentinanın yaxın dostu və tərəfdaşı adlandırıb. O, iki ölkə arasında son illərdə münasibətlərin inkişafından, Azərbaycana etdiyi iki səfərdən, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıqdan məmnunluğunu bildirib. Tərəflər Azərbaycan-Argentina əlaqələrinin daha da genişləndirilməsi üçün iqtisadi, mədəni, humanitar, təhsil sahələrində əməkdaşlığın təşviqi mövzuları ətrafında da fikir mübadiləsi aparıblar.


Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin inkişaf strategiyası, regional əməkdaşlığı, qlobal enerji təhlükəsizliyindəki rolu, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr kimi məsələlər də diqqət mərkəzində olub.


Səfər çərçivəsində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda “Azərbaycan və onun inkişaf strategiyası”, Argentina Beynəlxalq Əlaqələr Şurasında isə “Xəzər hövzəsinin geosiyasəti” mövzularında müvafiq olaraq təqdimat və “dəyirmi masa” təşkil edilib. Hər iki tədbirdə Cavanşir Feyziyev, Fuad Muradov və Asim Mollazadə müvafiq mövzularda çıxışlar edib, sualları cavablandırıblar.


Səfər zamanı Azərbaycanın Argentinalı Dostları Klubu və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilib. Tədbirdə Argentina hökumətinin yüksək vəzifəli rəsmiləri, qanunvericilik orqanının üzvləri, siyasi analitiklər, elmi-akademik dairələrin, yerli KİV-lərin nümayəndələri iştirak ediblər.


Azərbaycanın Argentinalı Dostları Klubunun sədri Xorxe Marmol Kolombres, səfir Məmməd Əhmədzadə, La Plata Dövlət Universitetindəki azərbaycanşünaslıq kafedrasının müdiri professor Norberto Konsani, Argentina xarici işlər nazirinin müavini Eduardo Zuain, Cavanşir Feyziyev və Asim Mollazadə, Argentina Senatında və Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qruplarının sədrləri senator Xose Maria Roldan və deputat Xulia Perie çıxış ediblər.


Sonra bu ilin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı ilə bağlı xüsusi videoçarx nümayiş etdirilib.


Azərbaycan parlamentariləri səfər çərçivəsində Argentina Milli Xəbərlər Agentliyində (TELAM) olub, agentliyin vitse-prezidenti Santiaqo Araqon ilə və digər rəhbər şəxslərlə görüşüb. Deputatlar TELAM-a müsahibə veriblər.


Milli Məclisin nümayəndə heyətinin Argentinaya səfəri yerli KİV-lərin diqqət mərkəzində olub.